Uzun illər boyu çapından dəfələrlə böyük iddialarla çıxış edən pərdəarxası hiyləgərliklərin “mahir ustası” Ramiz Mehdiyevin yeni oyunları gün işığına çıxdıqdan sonra bu qoca siyasi plagiatçının ətrafında cərəyan edən hadisələrin doğurduğu dəyişik və intensiv informasiya axınından yararlanaraq diqqəti yayındırmağa, “boz kardinal”ın qaranlıq kölgəsininin zərrələrini həmişə aydınlıqda olanların üzərinə sıçratmağa çalışanların da səfi kifayət qədər genişlənib. Mehdiyevlərin ölkədən kənardakı uzantılarının – “söyüş terminatorları”nın idarəçiliyində olan sosial şəbəkə səhifələri gecə-gündüz saxta xəbər və hekayələr uydurmaqla informasiya axının axarını hədəfdən yayındırmağa, gündəmi baş verənlərə nə birbaşa, nə də dolayısıyla aidiyyatı olmayanlar haqqında rəvayətlərlə doldurmağa, göz önündə olan reallıqları xəbər gündəmindən sıxışdırmağa cəhd göstərirlər.
Bu prosesin içərisində yer alanlardan biri də Azərbaycan siyasətinin klassik aravuranlarından, şər-şəbədə, böhtan ötürücülərindən sayılan, maddi və siyasi maraqlarını “şəbəkədən şəbəkəyə daşımaqda” mobil operatorları belə kölgədə qoya biləcək “MND ustası” Sərdar Cəlaloğludur.
Cəlaloğlu bir neçə gündür ki, yan-yörəsi ilə birlikdə, az qala hər kəsi siyasi mövcudluğunun cansız cəsədini qoruyub-saxlamaq üçün yararlandığı “siyasi ölüxana”ya sürükləməyə, “formalin”ləməyə çalışır.
Amma nədənsə özünün Ramiz Mehdiyevə yazdıqlarını, yaxud Ramiz Mehdiyevin adından yazılanlarla bağlı üyütdüklərini xatırlamaq və xatırlatmaq istəmir. Əvəzində isə ən müxtəlif üslub və vasitələrlə başqalarını hədəfə çevirmək və özünü hədəfdən yayındırmaq üçün dəridən-qabıqdan çıxır. Təbii ki, əgər Sərdar Cəlaloğlu Mehdiyev haqqında dediklərini və yazdıqlarını xatırlamaq istəmirsə, o zaman ADP sədrinin yaddaşını təzələmək də bizim öhdəmizə düşür.
İndi isə Cəlaloğlunun 2013-cü ildə, Ramiz Mehdiyevin adından yazıldığı əsla şübhə doğurmayan bir məqalə ilə bağlı az qala sözügedən məqalə böyüklükdə yazdığı neoklassik mədhiyyə nümunəsindən bəzi məqamlara nəzər salaq:
Məqaləsinə, özünü təmizə çıxarmaq və yazdıqlarına mümkün qədər haqq qazandırmaq üçün uzun-uzadı giriş verən Sərdar Cəlaloğlu bir xeyli “mus-mus…” dedikdən sonra yazır: “Ramiz Mehdiyevin Şah İsmayıla həsr etdiyi məqaləsini təkrar-təkrar oxuduqdan sonra bu qənaətə gəldim ki R.Mehdiyev həqiqətən də tutduğu mövqedən çəkinmədən, üzərinə səlib yürüşü təşkil edilən bir zaman vaxt tapıb vətəndaş kimi vəzifəsini yerinə yetirməyi bacarmışdır”.
Mən inanmıram ki, Sərdar Cəlaloğlu “təkrar-təkrar oxuduğu” məqalənin əsl müəllifinin Ramiz Mehdiyev olmadığını bilmir. Bilir, həm də çox yaxşı bilir. Elə Məqalənin ilk cümlələrindən bəlli olur ki, Ramiz Mehdiyevin adından yazılan məqalə ilə ilə yaxından-uzağa heç bir əlaqəsi yoxdur. Sərdar Cəlaloğlunun “Mehdiyevin məqaləsi”ndən gətirdiyi ilk iqtibasa diqqət yetirək:
«Mən bu məqaləni qəlbimin hökmü ilə yazmağa başladım. Ən əsası da ona görə ki, Azərbaycan türklərinin birləşməsində və Azərbaycan dövlətçiliyinin yaradılmasında ulu əcdadlarımızın tarixi rolu hələ də sona qədər öyrənilməmişdir».
Düşünürəm ki, “türk” kəlməsinə dözüm göstərə bilməyən Ramiz Mehdiyevin “Azərbaycan türklərinin birləşməsindən” yaza biləcəyinə heç onun özünü də inandıra bilməzsən.
Ramiz Mehdiyevin adından yazılan məqaləyə xüsusi diqqət çəkməyəcəyəm. Əgər sözügedən məqaləni yayımlayanlar Mehdiyevlə bağlı digər yazılar kimi sözügedən məqaləni də silməyiblərsə, o zaman istənilən şəxs axtarış sistemləri vasitəsilə əldə edə bilər.
Ramiz Mehdiyevin “yazdıqları”nın altından “qətiyyətlə imza atdığını” bildirən Sərdar Cəlaloğlu da məqaləni “qəlbinin hökmü ilə” və Mehdiyevin “məqaləsinin təsiri altında” qələbə aldığını iddia edir. Beləliklə, Sərdar Cəlaloğlunun 2013-cü ildə yayımlanan məqaləsində “qəlbdən-qəlbə”, “ürəkdən-ürəyə” yollar görünür. Zənnimcə, əsas məsələ həmin zaman kəsiyində bu “qəlb”lərin harada və necə döyünməsindədir…
Davam edək… Beləliklə, Cəlaloğlu Mehdiyev haqqında yazır: “R.Mehdiyev tutduğu rəsmi mövqeyə baxmayaraq öz milləti və xalqı üçün gərəkli olan belə bir mövqe sərgiləmişsə, mən də bəzi dost müxalif qəzetlərdə boğazından yuxarı vətənpərvərlərin mənim haqımda nə yazacaqlarını qabaqcadan bilə-bilə, onları gözardı edərək onun xidmətlərini qeyd etməyi özümə borc bildim”.
Sərdar Cəlaloğlu daha sonra Ramiz Mehdiyevin adından yazılan məqalədən istifadə edərək, onun “bir çox alimdə və siyasətçidə çatışmayan vətəndaş mövqeyi”ni, “öz vətəndaş mövqeyini çox aydın və qəti şəkildə-türkcü kimi ortalığa qoyduğunu”, “Şah İsmayılı hər şeydən öncə bir türk kimi, türk olaraq müdafiə etdiyini”bildirir. Etiraf edim ki, Sərdar Cəlaloğlu ara vurmaqda, şər-böhtan atmaqda, göz önündə olan həqiqəti danmaqda mahir olduğu kimi, tərif yağdırmağın da ustasıdır. Cəlaloğlu 2013-cü ildə yazdığı məqaləsində Ramiz Mehdiyevin Azərbaycan tarixinə rus və fars baxış bucağına qarşı çıxış etdiyini bildirir, amma son açıqlamalarında isə Mehdiyevin Rusiyanın emissarı olduğunu deyir. Əgər Sərdar Cəlaloğlu hər iki yanaşmasında səmimidirsə, o zaman belə anlaşılır ki, Ramiz Mehdiyev Azərbaycan tarixinə münasibətdə türkçü, azərbaycançı, dövlətçiliyinə münasibətdə isə Rusiyapərəsdir. Qeyd edim ki, Cəlaloğlu Mehdiyev haqqında yazdığı məqalədə də onun Azərbaycan dövlətçiliyinin tarixinə olan haqlı və hətta Cəlaloğlunu yaxşı mənada heyrətləndirən münasibətindən yazır. Anlamaq olmur, necə olur ki, eyni adam həm Rusiyanın emissarı olur, həm də Azərbaycanın dövlətçilik tarixinə münasibətdə rus baxış bucağının əleyhinə çıxış edir.
Sərdar Cəlaloğlunun unikal baxış bucağından sıyrılan başqa bir məqama da diqqət çəkməyi vacib sayıram. 2013-cü ildə Ramiz Mehdiyevin adından yazılan bir məqalə haqqında uzun-uzadı mədhiyyə ilə çıxış edən Sərdar Cəlaloğlu 2020-ci ildə, Ramiz Mehdiyevin AMEA-nın rəhbəri kimi fəaliyyətə başladığı zaman kəsiyində tamamilə fərqli fikirlər səsləndirib. Sitat: “ “Mən Ramiz Mehdiyevin müəllifi olduğu bir neçə kitabı oxumuşam. Əgər o kitabları doğrudan da özü yazıbsa, hesab edirəm ki, kifayət qədər profuktiv elm adamıdır. Yox başqası yazıbsa, heç. Çünki deyirlər ki, onun kitablarını kimlərsə yazır”. Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur. Mənzərə göz qabağındadır. Ramiz Mehdiyevin əməlləri kimi, Sərdar Cəlaloğlunun da yazdıqları və dedikləri onun ziddiyyətlərin və maraqların kombinasiyalarından ibarət siyasi obrazının bütün cizgilərini nümayiş etdirir.
Elçin Mirzəbəyli
Əməkdar jurnalist