Media kütləvi auditoriyaya, geniş ictimaiyyətə çatmaq üçün istifadə olunan əsas ünsiyyət vasitəsidir. İctimaiyyət siyasi və sosial məsələlər, iqtisadi yeniliklər, həmçinin əyləncə və mədəniyyət xəbərləri ilə bağlı məlumatları əldə etmək üçün adətən kütləvi informasiya vasitələrindən istifadə edir. Əhalinin vaxtında məlumatlandırılması, kamilləşdirmə və maarifləndirmə istiqamətində medianın xüsusi rolu olduğu danılmazdır. Belə olduğu halda media obyektivlik, qərəzsizlik, operativlik, dolğunluq prinsipləri əsasında fəaliyyət göstərməlidir. Medianın bu dərəcədə əhəmiyyətli olması onun qanunvericiliklə nizamlanmasının vacib olduğunu bir daha göstərir.
Hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanuna artıq dəfələrlə düzəlişlər edilmişdir. Bu isə qanunun dövrün tələblərinə cavab vermədiyini və yeni bir qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu göstərir.
Dekabrın 10-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclasında “Media haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilmişdir. Yeni qanun layihəsi ilə bağlı bir sıra mühüm məqamları vurğulamaq olar.
İlk növbədə qeyd etmək lazımdır ki, yeni qanun layihəsi özündə bir çox yeni terminləri ehtiva edir, onların anlayışlarını verir. Loqotip, infrastruktur operatoru, retranslyasiya, praym-taym kimi daha bir çox terminlərin qanunda qeyd olunması daha yeni və müasir bir yanaşmanın əks olunduğu bir daha göstərir. Bu məsələ özü də medianın surətli inkişafına xidmət edəcəkdir.
Qanunun dilinin sadə və anlaşıqlı olması da mühüm məqamlardan biridir. Media, kütləvi informasiya vasitələri sahəsində qəbul edilmiş digər qanunlarla, xüsusilə, “Kütləvi informasiya vasitələri haqqında” qanunla müqayisədə bu layihənin daha sistemli quruluşa malik olduğunu vurğulamaq olar. Belə ki qanun layihəsi özündə …
“Kütləvi informasiya vasitələri haqqında” qanunda qanunun tətbiq olunduğu subyektlər dəqiq göstərilmir. Bu isə qanunvericilikdə müəyyən qədər mücərrədliyə yol açır. Yeni qanun layihəsində isə qanunun şamil ediləcəyi media subyektlərin dəqiq təsnifatı verilir. Eyni zamanda hər bir qrupa aid edilən subyektlərin dairəsi də konkret şəkildə göstərilir. Qanun layihəsində media subyektləri ayrıca fəsil kimi qeyd olunur. Media subyektinə dair tələblərin verilməsi, kimlərin media subyekti ola bilməyəcəyinin qeyd olunması hüquqi müstəvinin dəqiqləşməsinə də öz töhfəsini verir. Belə ki, media subyekti statusundan sui-istifadənin qarşısı alınacaqdır.
Qanun layihəsində yalnız media subyektlərinin hüquqları deyil, eyni zamanda media sahəsində dövlətin əsas vəzifələri də qeyd olunmuşdır. Bu isə media sahəsində hüquqi münasibətlərin tənzimlənməsində müəyyən balanslaşma yaradacaqdır.
“Media haqqında” qanun layihəsində audiovizual medianın, çap mediasının, onlayn medianın, həm də informasiya agentliklərinin fəaliyyətini nizamlayan müddəalar öz əksini tapır. Qeyd edə bilərik ki, qanunda audiovizual mediaya geniş yer verilib. Audiovizual media sahəsində tənzimləmənin həyata keçirilməsi üçün Audiovizual Şura yaradılacaqdır. Şuranın fəaliyyət istiqamətləri, hüquq və vəzifələri qanun layihəsində konkret maddələrdə öz əksini tapır. Eyni zamanda audiovizual media sahəsində lisenziyalaşdırma ilə dəqiq tələblər göstərilir.
Qanun layihəsində diqqət çəkən məqamlardan digəri isə jurnalistlərin hüquqlarının tənzimlənməsi ilə bağlıdır. Belə ki, jurnalistlər media subyektlərindən ayrı şəkildə qeyd olunur. Qanun layihəsinin 7-ci fəsli məhz jurnalistlərin fəaliyyəti ilə bağlıdır. “Media haqqında” qanuna əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən jurnalist vəsiqəsi veriləcək. Jurnalist vəsiqəsi alan jurnalistlər isə müəyyən güzəşt və imtiyazlar əldə edəcək. Belə ki, jurnalistlər peşə fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olacaqlar. Media subyektlərinin işçiləri və jurnalistlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirak edə biləcəklər. Onların sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatlarının yaxşılaşdırılması ilə bağlı güzəştlər də veriləcəkdir. Ən mühüm məqamlardan biri isə jurnalistlərə maliyyə xarakterli güzəşt və imtiyazlardan, ən əsası isə güzəştli kreditlərdən yararlanmaq imkanının yaradılmasıdır. Belə qənaətə gəlmək olar ki, bu qanun vasitəsilə jurnalistlərin fəaliyyəti daha dəqiq və nizamlı şəkildə tənzimlənəcək, eyni zamanda onların peşə fəaliyyətlərinin həyata keçirilməsi üçün geniş imkanlar yaradılacaq. Bütün bunlar isə öz növbəsində jurnalistika peşəsinin inkişafına təkan verəcəkdir.
Media Reyestrinin yaradılmasını xüsusilə vurğulaya bilərik. Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılacaq. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən idarə olunacaq bu elektron informasiya ehtiyatı media subyektlərinin – audiovizual media subyektləri, çap mediası subyektləri, onlayn media subyektləri, informasiya agentlikləri və jurnalistlərin məlumatlarını ayrılıqda sistemləşdirəcək. Media Reyestrinə daxil edilmiş şəxslər üçün güzəşt və imtiyazlar müəyyənləşdirilmiş, eyni zamanda Reyestrə daxil olmaq üçün konkret tələblər qoyulmuşdur.
Qanun layihəsində əksini tapan digər mühüm məqam isə media azadlığıdır. Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında media azaddır. Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır. Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Media sahəsində fəaliyyət azadlığı yalnız bu Qanun və media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.
Qanunda qeyd olunan hüquqlardan danışarkən, müəllif hüquqları ilə bağlı maddənin də əks olunması diqqət çəkir. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən mediada istifadəyə yalnız “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə yol veriləcəkdir. Qanunda belə bir maddənin verilməsi mediada müəlliflik hüquqlarının qorunması üçün önəmli əsas olacaqdır.
Nəticə olaraq qeyd edə bilərik ki, bu qanun medianın inkişafı üçün olduqca əlverişli şərait yaradacaqdır. Qanunvericilikdə olan bir çox boşluqlar bu qanun vasitəsilə aradan qaldırılacaqdır. Jurnalist peşəsinin inkişafında da qanunun olduqca faydalı olacaqdır. “Media haqqında” qanun hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcəkdir.
Nəzrin Məmmədova (Bakı Dövlət Universiteti)