image-indir-1backend

Milli Mətbuat və Jurnalistika günü

image-reklam_sirab_01

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o,Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.
XIX əsrin sonlarında “Ziya”, (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı.
XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan ” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan “İşıq” jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi.
Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi.
Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. Kommunist Partiyasının orqanı olan “Pravda” qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün – 5 may Mətbuat Günü kimi qeyd olunurdu.
1980-ci illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.
Ümumilikdə, ulu öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.
Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının” təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar idi.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanı – qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.
Nəsimi rayon gənci İbadova Günay.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki