Son günlər bəzi media orqanlarında, xüsusilə də Türkiyənin nüfuzlu “Middle East Eye” qəzetinin jurnalisti Ragıp Soylunun diplomatik mənbələrə istinadla yaydığı məlumata əsasən, Azərbaycanın sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqovun 2020-ci ildə Vətən müharibəsi zamanı Türkiyənin xüsusi xidmət orqanları tərəfindən bir neçə gün dindirildiyi iddia edilir. Rəsmi mənbələr bu barədə hələlik heç bir açıqlama verməyib.
Bununla yanaşı, cəmiyyətin müxtəlif təbəqələrində — həm mütəxəssislər, həm də sıravi vətəndaşlar arasında — Sadıqovun fəaliyyəti ilə bağlı uzun illərdir davam edən suallar, iddialar və şübhələr mövcuddur. Bu səbəbdən, obyektiv istintaqın aparılması və hüquqi qiymətləndirmə verilməsi artıq təkcə ictimai sifariş deyil, həm də dövlət maraqları baxımından zəruri görünür.
Bu kontekstdə, araşdırmaya dəyər hesab etdiyimiz bəzi əsas məqamları aşağıda təqdim edirik:
Araşdırma və izahata ehtiyac duyan əsas məqamlar:
1988–1990-cı illər dövrü:
SSRİ Silahlı Qüvvələrinin tərkibində Azərbaycana ezam olunma səbəbi və fəaliyyəti.
1990-cı ilin 20 Yanvar hadisələri zamanı Göygöl (keçmiş Xanlar) rayonunun hərbi komendantı təyin edilməsi, xüsusilə bölgədə erməni əhalinin silahlandırılması, digər millətlərin isə silahsızlaşdırılması halları.
Rusiya ordusundakı fəaliyyəti və Azərbaycandakı yüksəlişi:
1992-ci ildə Rusiyada hərbi xidmət keçdiyi və qəflətən Azərbaycanda önəmli vəzifəyə gətirilməsi.
Rusiyada aldığı təltiflər, o cümlədən “qəhrəman” statusu, buna səbəb olan xidmətlərin təfərrüatları.
O dövrdə Azərbaycanda rus dilindən başqa dil bilməməsi və Rusiya ilə əlaqələrinin xarakteri.
1992–1994-cü illərdə cəbhədəki əməliyyatlar və itkilər:
1992-ci ilin sonlarında hücum əməliyyatlarının qəfil dayandırılması.
1993-cü ildən başlayaraq Azərbaycan ərazilərinin ardıcıl şəkildə işğalı və bu dövrdə Sadıqovun qərargahdakı rolu.
1994-cü ilin qışında Kəlbəcəri azad etmək məqsədilə keçirilən əməliyyatda 5000-ə yaxın hərbçinin itkisində onun məsuliyyəti məsələsi.
Kadr siyasəti və struktur islahatları:
Peşəkar zabit heyətinin vaxtından əvvəl ordudan uzaqlaşdırılması.
Müdafiə Nazirliyində xüsusi mühüm vəzifələrə Rusiya vətəndaşları olmuş şəxslərin təyin olunması.
MN Arxiv İdarəsi və digər strateji bölmələrə nəzarət məsələləri.
Korrupsiya, mülkiyyət və vəzifə səlahiyyətlərindən sui-istifadə:
Dövlətə və orduya məxsus torpaq sahələrinin şəxsi məqsədlər üçün istifadəsi, tikinti və mülkiyyət faktları.
Korrupsiya şəbəkəsi və ordu daxilində qeyri-rəsmi idarəetmə strukturları.
Aprel döyüşləri (2016):
Ordunun əldə etdiyi mövqelərin sonradan boşaldılması.
Yüksək rütbəli zabitlərin pusquya salınması və itkilər.
2017-ci il “xəyanət işi”:
Bir qrup hərbi qulluqçunun vətənə xəyanətdə ittiham olunması, bəzilərinin öldürülməsi və sonradan bəraət alması.
Hüquqi proseslərdəki ziddiyyətlər və hüququn pozulması ehtimalları.
General Polad Həşimovun şəhid olması (2020):
Tovuz döyüşləri zamanı yüksək rütbəli zabitlərin eyni vaxtda düşmən tərəfindən vurulması.
Hadisə ilə bağlı koordinasiya və təhlükəsizlik protokollarının pozulması ehtimalı.
Nəticə və tövsiyə:
Nəcməddin Sadıqovun fəaliyyəti ilə bağlı irəli sürülən bu qədər çox və ciddi suallar cəmiyyətin təkcə marağını deyil, dövlətin təhlükəsizlik arxitekturası və hərbi tarixinin doğru şəkildə öyrənilməsi ehtiyacını da ortaya qoyur. Bu səbəbdən, aşağıdakı təkliflər aktuallığını qoruyur:
Müstəqil və şəffaf parlament komissiyası və ya hərbi prokurorluq səviyyəsində araşdırma aparılması.
1992–2020-ci illərdə Sadıqovun qərarlarının və fəaliyyətinin dövlət maraqları baxımından təhlil olunması.
Hərbi-siyasi qərarların hüquqi nəticələrinin müəyyənləşdirilməsi.
Bu qeyd olunanlar təqsirləndirmə deyil, araşdırma və hüquqi qiymətə ehtiyac duyan məqamlar kimi təqdim olunur. Ədalətli və şəffaf istintaq olmadan heç bir şəxs qəti formada ittiham oluna bilməz. Amma suallar cavabsız qalarsa, bu həm də tarixi ədalətin bərpası qarşısında maneə yaradar.
İlqar Altay
Müstəqil araşdırmaçı