image-photo-2021-11-10-09-13-09backend

Pandemiya ilə mübarizə

image-reklam_sirab_01

 

Azərbaycan bu gün dayanıqlı inkişafa malik, qüdrətli və nüfuzlu bir ölkədir. Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin  mərkəzində Azərbaycan vətəndaşlarının mənafeyi  dayanır.  İnsanların rifah halının daha da yaxşılaşdırılması, həyat şəraitinin təmin olunması istiqamətində həyata keçirilən məqsədyönlü və səmərəli tədbirlər davamlı xarakter daşıyır. Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir.  Son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır. Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik.

Bütün dünyanı bürümüş karonavirus pandemiyası ilə  mübarizə işinin təşkilində  də  ölkəmizdə bütün imkanlar səfərbər olunmuş,  görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının qarşısı alınmışdır. Pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi prosesi başlanmış,  laboratoriyaların sayı 8-dən  42-yə çatdırılmışdır. Pandemiya ilə mübarizədə “Azərbaycan modeli” ifadəsi beynəlxalq münasibətlərinin siyasi gündəminə daxil olmuşdur.  İlk günlərdən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı  ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışmış,  Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışaraq  görülən işlərə yüksək qiymət vermiş, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Bu dövr ərzində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərmiş, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə vermişdir.  Pandemiya dövründə Beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olan Azərbaycan, həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşünü COVID-19-a həsr etmişdir.

Məlumdur ki, yanvarın 18-dən etibarən Azərbaycanda mərhələli vaksinasiya prosesinə başlanılıb. Risk qrupuna daxil olan sahələr mərhələli şəkildə peyvənd olunur.  Digər ölkələrə nəzər saldıqda, Türkiyə, ABŞ, Rusiya və digər böyük ölkələrdə də vaksinasiya prosesi aparılır. Amma reallıq ondan ibarətdir ki, bir sıra ölkələr maddi problemlər üzündən vaksin ala bilməyib.

Azərbaycanla digər ölkələr arasında müqayisələr aparılarkən ölkəmizlə əhalisi eyni olan bəzi inkişaf etmiş dövlətlərdə koronavirusa yoluxanların sayının 60-70 min, ölənlərin sayının isə 10 min nəfər olduğu görünür. Ölkəmizdə isə rəqəmlər bundan xeyli aşağıdır.

Prezident İlham Əliyevin sözləri bunu bir daha təsdiq edir:“Bu, onu göstərir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz və bu xəstəlik sərhəd tanımır. Ona görə beynəlxalq əməkdaşlığa daha böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımi addımları atır. Bu xəstəlik bir şeyi də göstərib – adətən hesab olunurdu ki, belə dəhşətli pandemiyalar, epidemiyalar, insanların yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olması ancaq geridə qalmış ölkələrdə mümkündür. Amma həyat onu göstərdi ki, bu, belə deyil. Həyat onu göstərdi ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Əgər onlar bu məsələyə tam çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər də inkişaf etməmiş, yaxud da geridə qalmış ölkələrdə vəziyyəti təsəvvür etmək çətin deyil”.

Son zamanlar Azərbaycanda görülən profilaktik tədbirlər nəticəsində yoluxma rəqəmində bir qədər sabitlik əldə edilsə də, proseslərin daha arzuolunmaz məcraya keçə biləcəyi istisna təşkil etmir. Bu gün ölkəmizdə koronavirus xəstələri

-45 xəstəxanada yerləşdiriliblər, bu xəstəxanaların

-36-ı son müddət ərzində inşa edilib,

-“Yeni Klinika”da hazırda 350 xəstə müalicə alır, pandemiya ilə əlaqədar ölkəyə gətirilən

-laboratoriyaların sayı 29-da çatıb və dövlət tərəfindən

-daha 15 yeni laboratoriya sifariş edilib. Beləliklə, laboratoriyaların sayı

-44-ə çatacaq. Bu isə daha çox testlər keçirməyə şərait yaradacaq. Hazırda Azərbaycan adambaşına düşən

-testlərin sayına görə dünyada 40-cı yerlərdədir. Bununla belə, atılan bütün addımlar dərin təhlilə, mütəxəssis rəylərinə, həkim məsləhətlərinə əsaslanır. Ölçülüb-biçilmiş qərarların əsas məqsədi isə insanların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaq və pandemiya dövründən minimal itkilərlə çıxa bilməkdir.

Prezident İlham Əliyevin fikirləri bunun bariz nümunəsidir: “Ancaq biz müsbət dinamikaya hələ çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür. Ona görə nə qədər bu indiki rejim davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır, ilk gündən bu günə qədər və xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Sadə qaydaları onlar elə bil ki, gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olduq, cərimələri artırdıq, məcbur oluruq bəzi hallarda sərt addımlar atılır karantin rejimini pozanlara qarşı. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların sağlamlığının qorunmasına hesablanıb”.

Hazırda Azərbaycanda müşahidə olunan tendensiya dünya ölkələri üçün də xarakterikdir. O səbəbdən bəzi dövlətlər yenidən karantin rejiminin sərt formasına qayıdır. Bu isə o deməkdir ki, heç bir ölkə tam şəkildə özünü COVİD-19-dan sığortalamış hesab edə bilməz. Xəstəlik sərhədlər tanımır və hər gün izlədiyimiz fraqmentlər bəşəriyyətin gələcəyi üçün təhdid sayılan infeksiyanın acı nəticələrini ortaya qoyur. Ona görə də, dövlət vətəndaşın sağlamlığı naminə iqtisadi  məsələləri bir qədər arxa plana atmaq məcburiyyətindədir. İnsanlar da mövcud vəziyyəti anlayışla qarşılamalı, qanunlara əməl etməli, kimsə özünü qanunlardan üstün saymamalı və indiki şəraitdə məsuliyyətsiz davranmamalıdır. Yalnız o halda əldə edilən nəticələri qorumaq və pandemiyanı nəzarət altında saxlamaq mümkün olacaq.

Ölkləmizdə virusla mübarizə məqsədi ilə xalqın prezidentin çağırışına səs verməsi onu göstərir ki, Azərbaycanda dövlət quruculuğu yüksək səviyyədədir. Bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və cəmiyyətin göstərdiyi dəstək bunun bariz nümunəsidir. “Pandemiyaya qarşı mübarizədə 10 xəstəxana tikilməlidir, bunların 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm.”

Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycan bu sınaqdan uğurla çıxmaqdadır. Prezidentimiz çıxışından daha bir sitat: “Bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma ən düzgün, ən humanist yanaşmadır. Hər bir yoluxmuş insana tibbi xidmət göstərilir və bu istiqamətdə əlavə addımlar atılacaq.”

İlk vaxtlar virusla mübarizə üçün zəruri olan tibbi avadanlıqların çatışmaması dövlətimizin başçısının diqqətini çəkdi və vacib addımlar atıldı. Bunun üçün ayrıca fabrik yaradıldı, təbii ki, vətəndaşların sağlamlığı, rifah halı yenə ön planda durdu: “Pandemiyaya qarşı mübarizədə sənaye imkanlarımızdan da istifadə etdik. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik. Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində.”

Hər bir vətəndaş öz sağlamlığını qorumalıdır. Bunun üçün vacib olan qayda və qanunlara riayət etməli, özünü və ətrafındakıları qorumalıdır. “Bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir”.

Dövlət başçısı bildirib ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib: “Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dollar həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub”.

Bakı Slavyan Universitetinin tələbəsi Aydan Musayeva

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image