Dünən İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf ölkənin təhlükəsizliyi və gələcəyi üçün hərbi güclə yanaşı, iqtisadi sabitliyin də vacib olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, Qalibaf İranın Bağdaddakı səfirliyində iş adamları ilə görüşü zamanı deyib: “Əlimizdə nə qədər hərbi güc olmasından asılı olmayaraq, əgər xalq acdırsa, maliyyə dövriyyəsi, iqtisadi artım və daxili istehsal yoxdursa, biz mövcudluğumuzu davam etdirə bilmərik”.
O, iqtisadi sabitliklə təhlükəsizliyin bir-birindən ayrılmaz olduğunu vurğulayıb. Qalibafın sözlərinə görə, işlək və dayanıqlı iqtisadiyyat olmadan ölkənin hərbi təhlükəsizliyini uzunmüddətli şəkildə qorumaq mümkün deyil.
Parlament sədri, habelə, Tehranın müharibə niyyətində olmadığını və müharibəni təşviq etmədiyini bildirib. Bununla belə, o deyib ki, İranın effektiv diplomatiya aparması üçün yüksək səviyyədə müdafiə qabiliyyətini və hərbi hazırlığını qoruması lazımdır.


























