image-4backend

RƏQƏMSAL TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ MÖHTƏŞƏM SİMPOZİUM KEÇİRİLİB -FOTOLAR

image-reklam_sirab_01

6 dekabr 2024-cü il tarixində Bakı Biznes Universitetinin ev sahibliyi ilə “Rəqəmsal Hesablama və Kiber Təhlükəsizlik” mövzusunda yüksək səviyyəli beynəlxalq simpozium təşkil edildi. Tədbir müasir dövrün ən aktual çağırışlarından olan kiber təhlükəsizlik sahəsində qabaqcıl təcrübələrin və innovativ həllərin müzakirəsinə həsr olundu.

Simpoziumun təntənəli açılış mərasimində giriş nitqi ilə çıxış edən Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov qeyd etdi ki, hazırkı rəqəmsal transformasiya dövründə kiber təhlükəsizlik məsələləri qlobal əhəmiyyət kəsb edir. O vurğuladı ki, süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə kibertəhlükəsizlik sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması ölkəmiz üçün strateji prioritetdir.

Daha sonra İnformasiya Texnologiyaları kafedrasının müdiri, professor Rahib İmamquliyev çıxış edərək, universitetin IT sahəsində apardığı elmi-tədqiqat işləri və gələcək planları haqqında ətraflı məlumat verdi. O, xüsusilə kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini və bu istiqamətdə görülən işləri qeyd etdi.

Simpoziumun moderatoru Cavad Hüseynli tədbirin proqramını təqdim edərək, iştirakçıları növbə ilə təqdim etdi və onların fəaliyyət istiqamətləri haqqında qısa məlumat verdi. O, xüsusilə beynəlxalq ekspertlərin iştirakının simpoziumun elmi-praktiki əhəmiyyətini daha da artırdığını vurğuladı.

Simpoziumun plenar iclasında Xploit Academy-nin təsisçisi və direktoru Rauf Bağırzadə “Cyber forensic-tplait və kiber cinayətkarlığa qarşı mübarizə və kiber kriminalistikanın əsasları” mövzusunda fundamental məruzə ilə çıxış etdi. Təcrübəli mütəxəssis müasir kiber cinayətkarlığın yeni tendensiyaları və onlara qarşı mübarizənin innovativ metodları barədə ətraflı təhlil təqdim etdi.

Akademiyanın aparıcı mentoru Nərgiz Quliyeva “Veb platformalarında yaranan təhlükəsizlik zəiflikləri” mövzusunda əhatəli məruzə təqdim etdi. O, veb təhlükəsizliyin kritik aspektlərini və müasir kiberhücumlardan qorunmanın effektiv metodologiyasını təhlil edərək, xüsusilə bulud texnologiyalarının təhlükəsizlik məsələlərinə toxundu.

Xploit Academy-nin ekspert mentoru Nicat Babayev “VServer tərəfindəki zəifliklər, xüsusən XSS, veb platformalar üçün böyük kibertəhlükəsizlik riskləri” mövzusunda dərin texniki təhlillərə əsaslanan məruzə təqdim etdi. Akademiyanın digər tanınmış mütəxəssisi Əfəndiyev Murad isə “Mobile Application Reverse Engineering” mövzusunda mobil tətbiqlərin təhlükəsizlik arxitekturasının innovativ aspektlərini müzakirəyə çıxardı.

Simpoziumda Amerikadan , Polşadan , Moldova və Misirdən olan professorlar, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları, Mingəçevir Dövlət Universitetinin nümayəndələri, Qarabağ Team CTF yarışmalarının lideri və Poscrib şirkətinin təmsilçiləri də daxil olmaqla bir sıra nüfuzlu qurumların təmsilçiləri dinləyici qismində iştirak etdilər.

Simpoziumun yekununda moderator, Odlar Yurdu Universiteti və Bakı Biznes Universitetinin müəllimi, HCU Digital şirkətinin rəhbəri Cavad Hüseynli “Reverse Engineering in Modern Applications” mövzusunda fundamental elmi məruzə təqdim etdi. O, proqram təminatlarının təhlükəsizlik aspektlərinin kompleks təhlilini apararaq, növbəti beynəlxalq kibertəhlükəsizlik simpoziumunun Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağda – Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində keçirilməsi təşəbbüsü ilə çıxış etdi.

Bu mötəbər elmi tədbir Azərbaycanda kiber təhlükəsizlik sahəsində aparılan tədqiqatların və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verməklə yanaşı, ölkəmizin bu sahədə regional lider mövqeyini bir daha təsdiqlədi.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image