Ekspert deyir ki, ölkə miqyasında məcburi şəkildə vahid formaya keçid müəyyən mübahisələr doğura bilər, çünki…
Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin kollektivi 2025-2026-cı tədris ilindən vahid məktəbli geyim formasından istifadə edəcək. Məlumata görə, ötən tədris ilində keçirilmiş Pedaqoji Şurada bu barədə yekdil qərar qəbul edilib. Yeni tədris ilindən müəllimlərin yay geyim forması belə olacaq: qadınlar üçün ağ kofta, göy qalstuk və qara ətək; kişilər üçün qara şalvar, ağ köynək və qara qalstuk.
Soyuq aylarda isə jilet və kostyumlardan istifadə nəzərdə tutulur. Qərar 30 nəfərdən ibarət olan pedaqoji və rəhbər heyətə şamil olunur. Məqsəd müəllimlər arasında bərabərlik prinsiplərini möhkəmləndirmək, nizam-intizamı artırmaq və məktəb mühitində sağlam psixoloji atmosfer yaratmaqdır.
Bəs dünya praktikasında necədir?
Qeyd edək ki, müəllimlər üçün vahid geyim məsələsi müxtəlif ölkələrdə fərqli yanaşmalarla tətbiq olunur. Məsələn, Yaponiya, Cənubi Koreya və Çində müəllimlər adətən çox rəsmi geyinir. Qara şalvar və ağ köynək demək olar ki, standart sayılır. Bəzi məktəblərdə müəllimlər üçün də formaya bənzər vahid geyim tələbi mövcuddur. Bu, şagirdlərə nümunə olmaq və intizamı gücləndirmək məqsədi daşıyır.
Avropa ölkələrində müəllimlər üçün məcburi vahid forma qaydası çox az hallarda tətbiq olunur. Daha çox “dress-code” prinsipi mövcuddur. Yəni müəllimlər rəsmi və ya yarırəsmi geyinməlidir, amma bu, müəyyən rəng və model məhdudiyyətləri ilə sərt tənzimlənmir. Məsələn, Böyük Britaniyada müəllimlər ciddi, amma fərdi üslublarına uyğun geyinə bilirlər.
ABŞ və Kanadada müəllimlər üçün xüsusi forma yoxdur. Ancaq müəllimlər professional görünüşə ciddi önəm verirlər. Məktəb administrasiyaları çox vaxt “iş yerinə uyğun geyim” qaydası qoyur.
Yaxın Şərqdə, xüsusilə də körfəz regionunda müəllimlərin geyimi həm milli ənənələr, həm də məktəb qaydaları ilə müəyyən olunur. Məktəb brendinə uyğun olaraq müəllimlər üçün vahid forma da tətbiq edilə bilir.
Samux məktəbinin bu qərarı dünya təcrübəsində ən çox Asiya modelinə uyğun gəlir. Avropada isə daha çox elastiklik var, yəni müəllimlərin geyimi sərt formada tənzimlənmir. Amma hər iki modelin ortaq nöqtəsi müəllimin nüfuzunun qorunmasıdır. Bəzi mütəxəssislər hesab edir ki, müəllimlər üçün vahid forma onların həmrəyliyini artırır, digərləri isə bunun yaradıcılıq azadlığını məhdudlaşdırdığını düşünür. Bu səbəbdən də praktikada yanaşmalar müxtəlifdir.
Mövzu ilə bağlı təhsil eksperti İlqar Oruc “Yeni Müsavat”a danışıb. Ekspert adıçəkilən məktəbin Pedaqoji Şurasının qərarını yüksək qiymətləndirdiyini bildirib: “Bildiyim qədərilə Elm və Təhsil Nazirliyinin müəllimlərin korporativ geyim formaları ilə bağlı təlimatı var. Amma bu təlimat daha çox tövsiyə xarakteri daşıyır. Məlum olduğu kimi, çox da uzaq olmayan keçmişdə bəzi müəllimlər məktəbə bahalı zinət əşyaları, dəbdəbəli şubalar və geyimlərlə gəlirdilər. Son illərdə isə bu tendensiya xeyli zəifləyib. Mən hesab edirəm ki, vahid geyim tətbiqi çox düzgün qərardır. Beynəlxalq təcrübəyə nəzər salanda da görürük ki, müxtəlif ölkələrdə müəllimlərin geyimləri ilə bağlı fərqli qaydalar mövcuddur. Bəzi ölkələrdə tam sərbəstlik verilir, bəzi ölkələrdə isə müəyyən normalar tətbiq olunur. Hətta elə ölkələr var ki, müəllimlərin geyimlərinin rəngi və komponentləri də xüsusi qaydalarla tənzimlənir. Azərbaycanda isə bu cür qaydalar yoxdur. Bizdə yalnız məktəblilər üçün vahid forma qaydaları mövcuddur. Halbuki müəllim təkcə məktəbdə deyil, cəmiyyətdə də nümunə olmalıdır. O nümunə yalnız davranış və biliklərlə deyil, həm də geyimlə nümayiş etdirilməlidir. Bu, müəllimin nüfuzunun artmasına mühüm töhfə verə bilər. Azərbaycanda müəllimlərin geyimi ilə bağlı xoşagəlməz fikirlər son illərdə eşidilməsə də, ayrı-ayrı məktəblərdə vahid geyim tətbiqini çox müsbət qarşılayıram. Hesab edirəm ki, geyimlərin seçilməsində müəyyən sərbəstlik verilə bilər, amma konkret rəng, üslub və forma standartlarının qorunması daha məqsədəuyğundur. Müəllim sinfə daxil olanda şagirdin yaddaşında yalnız biliyi ilə deyil, davranışı, rəftarı və vizual görünüşü ilə də qalır. Ona görə də müəllim həmişə səliqəli olmalı, cəmiyyətdə bütün parametrlərdə seçilməlidir. Onu fərqləndirən cəhətlərdən biri də geyimidir. Doğrudur, müəllimlərimiz indiyədək geyimləri ilə də nümunə olmağa çalışıblar. Amma vahid geyim, hətta üzərində işlədiyi məktəbin adını daşıyan sadə elementlər belə müəllimi fərqləndirə bilər. Bu, kiçik detal kimi görünsə də, əslində peşə imicini möhkəmləndirən vacib addımdır. Necə ki, digər peşə sahələrində vahid forma mövcuddur, eləcə də müəllimlər üçün vahid geyim tətbiqi həm ictimai etimadı gücləndirər, həm də hər kəsə bu geyimi daşıyan şəxsin Azərbaycan müəllimi olduğunu aydın göstərər”.
Təhsil eksperti Elşən Qafarov da müəllimlərin vahid geyim formasına keçmə təşəbbüsünü alqışladığını, lakin ölkə miqyasında məcburi şəkildə vahid formaya keçidin müəyyən mübahisələr doğura biləcəyini deyib: “Qanunvericiliyə görə, yalnız dövlət ümumtəhsil məktəblərində şagirdlərin geyim formalarının eskizlərini Nazirlər Kabineti təsdiqləyir. Digər bütün təhsil müəssisələrində geyim forması həmin müəssisələrin nizamnamələri ilə müəyyən olunmalıdır. Təəssüf ki, bizdə orta ixtisas və ümumtəhsil müəssisələrinin nizamnamələri yoxdur. Ali məktəblərdə nizamnamə mövcuddur, amma çox vaxt formal xarakter daşıyır.
Müəllimlərin – yəni pedaqoji işçilərin geyim forması ilə bağlı qanunvericilikdə konkret müddəa yoxdur. Bununla belə, Elm və Təhsil Nazirliyinin 2008-ci ildə keçirilmiş kollegiya iclasında pedaqoji işçilərin korporativ geyim forması ilə bağlı qərar qəbul olunub. Həmin qərarda müəllimlərin dərs prosesində geyimlərinə dair tələblər – hansı geyimlərin uyğun, hansının isə yolverilməz olduğu göstərilib.
Artıq illərdir ki, ölkənin ayrı-ayrı bölgələrində, məsələn, Naxçıvanda və Bakı məktəblərinin bir hissəsində, pedaqoji şuraların qərarı əsasında müəllimlərin vahid geyim forması tətbiq olunur. Yəni bu, yerli təşəbbüslərlə həyata keçirilən bir prosesdir və praktiki olaraq müəllimlər də buna əməl edirlər.
Dünya təcrübəsinə baxanda da fərqli yanaşmalar var. Bəzi ölkələrdə – məsələn, Yaponiyada, Sinqapurda və digərlərində müəllimlər döş nişanı ilə fərqlənirlər. Başqa ölkələrdə isə müəllimlər sadəcə sadə, səliqəli geyimlərlə dərsə gəlirlər və bu, onların peşəkar nüfuzunu qorumağa kifayət edir. Mənim fikrimcə, əgər kollektiv razılıq əsasında vahid geyim tətbiq olunursa, bu, alqışlanmalıdır. Amma ölkə miqyasında məcburi şəkildə vahid formaya keçid müəyyən mübahisələr doğura bilər. Çünki pedaqoji işçilərin hamısı bu ideyaya razı deyil. Halbuki, qeyd etdiyim kimi, 2008-ci ildə qəbul edilmiş qərarda müəllimlərin korporativ geyim qaydaları təsdiq olunub. Təəssüf ki, bu qaydalar bir çox məktəblərdə icra edilmir”.
Elşən Qafarovun fikrincə, pedaqoji işçilərin geyim formaları ilə bağlı vahid qaydalar ayrıca təsdiq olunmalı, həmin qaydalar çərçivəsində müəllimlər öz geyimlərini nizamlaya bilməlidirlər: “Eyni zamanda bu qaydalar “Etik davranış kodeksi”nin tərkibinə də daxil edilə bilər. Çünki həmin kodeksdə müəllimin geyimi ilə də nümunə göstərməli olduğu qeyd olunur. Ancaq indiyədək bu nümunənin konkret forması müəyyən edilməyib – hansı geyim olar, hansı olmaz məsələsi açıq qalır”.“Yeni Müsavat”