image-e71228ef-0c17-4f46-9312-12f96aa3f31cbackend

“RUS NATO-su” İFLASA UĞRAYIR Rəsmi İrəvan KTMT-nı niyə “dəfn” edir?

image-reklam_sirab_01

Ermənistandan və ermənilərdən öz maraqları çərçivəsində istifadə etmək istəyənlərin sayı kifayət qədərdir. Onilliklər boyu bu, belə olub. Yəqin ki, hələ bir müddət də belə olmaqda davam edəcək.

Ancaq hələlik ermənilərdən kiminsə böyük fayda görməsi kifayət qədər mübahisəli mövzudur. Bundan sonra onların kiməsə xeyrinin dəyə biləcəyi də qətiyyən inandırıcı görünmür. Bu, son dövrlərdə baş verən hadisələrdə növbəti dəfə öz təsdiqini tapmiş oldu.

Hər halda, hazırda Ermənistan daha çox ziyan vurmaqla məşğuldur. 30 ilə yaxın bir müddətdə BMT-nin qətnamələrini yerinə yetirməyərək, bu beynəlxalq qurumun imicinin korlanmasında xüsusi pay sahibi oldular. İndi isə daha bir beynəlxalq qurumu – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) sıradan çıxarmağa başlayıblar.

Məsələ ondadır ki, rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya prosesinə KTMT-ni də bulaşdırmağa çalışır. Eynilə 44 günlük savaş dövründə olduğu kimi, KTMT-ni üzv dövlətlərin təhlükəsizliyinin təmin olunması öhdəliyi ilə şantaj edir. Və yəqin ki, Ermənistanın bu provokativ davranışlarını hələ bir müddət davam edəcək.

Məsələ ondadır ki, rəsmi İrəvan məhz KTMT-nı Ermənistanın qeyri-hüquqi hədəflərində alətə çevirməyə can atır. Ancaq Ermənistanın bu cəhdləri KTMT-nı nüfuzdan salmaqla yanaşı, həm də ümumiyyətlə iflasa uğradıb, sırasından çıxara bilər. Hər halda, rəsmi İrəvanın KTMT-dan tələblərinin reallaşdırılması bu qurumun imkanları xaricindədir.

Ermənistan KTMT-nı Azərbaycan ilə hərbi-siyasi qarşıdurma vəziyyətinə sürükləmək üçün bütün hoqqabazlıqdan çıxır. Halbuki hüquqi əsaslar olmadığından nə irəli, nə geri hərəkət edə bilir. Nəticədə bu qurumun imici beynəlxalq səviyyədə ciddi zərbə alır.

Birincisi, rəsmi İrəvan nə qədər canfəşanlıq etsə də, KTMT Azərbaycan ilə hərbi-siyasi qarşıdurmaya həvəs göstərməz. Çünki Ermənistan istisna olmaqla, bu qurumun tərkibində olan dövlətlər ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq münasibətləri mövcuddur. Və bu münasibətlərdə iqtisadi-ticari faktorlar xüsusi yer tutur

Digər tərəfdən, KTMT hərbi blok olsa da bu qurumun fəaliyyəti demək olar ki, formal xarakter daşıyır. Çünki ortaq hərbi qüvvələrə malik deyil. Hərdən NATO ilə müqayisə olunsa da, eyni çevik reaksiya resurslarından və mexanizmlərindən məhrumdur. KTMT-da Rusiya istisna olmaqla, xarici hərbi əməliyyatlar üçün uyğun potensiala malik dövlət yoxdur. Yəni KTMT öz üzvlərinin hərbi təhlükəsizlik maraqlarını təmin etmək imkanlarından çox uzaqdır.

Üstəlik, son vaxtlar baş verən bəzi hadisələr də KTMT-nın formal qurum olduğunu təsdiqlədi. Belə ki, bir müddət öncə KTMT-ya üzv olan iki ölkə – Qırğızıstan və Tacikistan arasında silahlı toqquşmalar baş verdi. Ancaq KTMT bu hadisələrə hər hansı səviyyədə müdaxilə edə bilmədi. Üzv ölkələr arasında hərbi müttəfiqlik öhdəliklərinin icrasını təmin edə bilməyən bir qurumdan Cənubi Qafqazda baş verənlərə müdaxilə ehtimalı gözləmək tamamilə yersizdir.

Hətta KTMT-nın belə imkanları və niyyəti olsa belə, indiki halda, bu qətiyyən mümkün deyil. Belə ki, KTMT-nın nizamnaməsinin 4-cü bəndinə görə, bu qurum yalnız hər hansı üzv dövlətin ərazisinə hərbi müdaxilə variantında ortaq müqavimət öhdəliyinə müsbət reaksiya verə bilər. Hazırda Azərbaycanda-Ermənistan sərhədində bu maddənin aktivləşdirilməsinə əsas verə biləcək hər hansı addım atılmayıb.

 

 

Bu baxımdan, KTMT-nın yaxın vaxtlarda keçiriləcəyi gözlənilən toplantısında rəsmi İrəvanı qane edəcək qərarın qəbul edilməsi real görünmür. Əslində, rəsmi İrəvan da bu reallığı çox gözəl anlayır. Elə Ermənistanın KTMT-ya etdiyi müraciətin məzmunu da bunu təsdiqləyir. Çünki rəsmi İrəvan KTMT-ya 4-cü bəndə deyil, məhz 2-ci bəndə görə müraciət edib. Həmin bənd KTMT-ya üzv dövlətlərə təhlükə yaranma ehtimalı üzrə müzakirələri nəzərdə tutur.

Belə anlaşılır ki, KTMT indiki halda yalnız Ermənistana hər hansı təhlükənin olub-olmadığını müəyyən etmək məqsədilə müzakirələr apara bilər. Bu müzakirələrin də Ermənistan üçün müsbət perspektivləri görünmür. Çünki iki ölkənin sərhədlərində sadəcə, üçtərəfli anlaşmalara uyğun şəkildə demarkasiya prosesi başladılıb.

Onu da qeyd edək ki, KTMT üzvü olan dövlətlərdən Rusiya bu barədə tam şəkildə məlumatlıdır. Çünki üçtərəfli anlaşmalarda Rusiya prezidenti Vladimir Putinin imzası var. Üstəlik, Kreml demarkasiya prosesinə böyük önəm verdiyini də qətiyyən gizlətmir. Bu baxımdan, Rusiya XİN-dən verilən son açıqlama rəsmi İrəvana yönəlik birbaşa mesaj kimi də qəbul edilə bilər: “İnsidentlərdən qaçmaq üçün Azərbaycan-Ermənistan sərhədində delimitasiya prosesinin başlaması vacibdir”.

Göründüyü kimi, Kreml rəsmi İrəvanın KTMT-nı bu prosesə bulaşdırmaq cəhdlərinə əkc mövqedən çıxış edir. Ona görə də, Ermənistanda hesab edirlər ki, rəsmi İrəvan və Kreml tamamilə fərqli dillərdə danışırlar. Və rəsmi İrəvan Kremlin danışdığı dili anlamaqda çətinlik çəkir.

Ancaq KTMT-nın digər üzvlərinin Kremli daha yaxşı anladıqları qətiyyən şübhə doğurmur. Ona görə də, bu qurumun Ermənistanı dəstəkləmə ehtimalı qətiyyən real deyil. Üstəlik, rəsmi Bakı da artıq Azərbaycan-Ermənistan sərhədlərində baş verənləri KTMT üzvlərinə hüquqi əsaslar çərçivəsində izah etməyə nail olub.

 

 

Rəsmi İrəvanın KTMT-dan dəstək gözlədiyi bir ərəfədə isə bu qurumun önəmli üzvlərindən olan Belarusun müdafiə naziri, general-leytenant Viktor Xrenin Azərbaycana rəsmi səfərə gəlib. Bu səfər Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvətilə baş tutub. Və Belarusun müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qəbul edilib.

Bütün bunlar onu göstərir ki, rəsmi İrəvanın provokativ davranışları Azərbaycan və KTMT arasında hər hansı ciddi bir problemin yaranmasına yol aça bilməz. Bu qurumun üzvləri Azərbaycan ilə qarşılıqlı münasibətlərini rəsmi İrəvanın avantüralarına qurban verməzlər. Böyük ehtimalla bu qurumun növbəti toplantısında “Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya prosesinə dəstək verməyə hazırdır” bəyanatı ilə çıxış edən Kremlin mövqeyi həlledici olacaq. Yəni, rəsmi İrəvanın cığal hay-küyü ciddiyə alınmayacaq.

Maraqlıdır ki, Ermənistanda artıq buna tamamilə əmin olmağa başlayıblar. Hər halda, Ermənistan mətbuatı KTMT-nı “ölü təşkilat” kimi təqdim etməyə başlayıb: “Ermənistan hökuməti KTMT kimi ölü bir təşkilata üz tutarkən, KTMT-yə üzv olan ölkələrdən birinin rəsmi nümayəndəsi (Belarusun müdafiə naziri) hərbi-texniki əməkdaşlığı müzakirə etmək üçün Bakıya gedir. Bəlkə də KTMT-nin prinsiplərini səhv başa düşmüşük”.

Əslində, rəsmi İrəvan deyəsən, həqiqətən KTMT-nın prinsiplərini səhv başa düşüb. Hər halda, bu qurumun “ermənilərin kaprizlərinə xidmət prinsipi” üzrə hərəkət etməyəcəyi müşahidə olunur. Və bu, rəsmi İrəvanın son günlərdə başlatdığı total hay-küyün boşa getməsi anlamına gəlir.

Ancaq onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvanın son davranışları KTMT-ya da ciddi zərbələr vurdu. Bu qurumun real fəaliyyət imkanlarının mövcud olmadığı ortaya çıxdı. KTMT-nın daxilində ciddi ziddiyyətlərin olduğuna da indi elə bir ciddi şübhələr yoxdur. Və bu qurumun NATO ilə rəqabət apara biləcək resurslardan məhrum olması isə yəqin ki, Rusiyanın beynəlxalq rəqibləri tərəfindən ən yaxın gələcəkdə maksimum səviyyədə nəzərə alınacaq.

Bu baxımdan, hesab etmək olar ki, Ermənistan “Rus NATO-su”nu çətin vəziyyətə salıb. İndi artıq bu qurumun beynəlxalq məkanda ciddiyə alınmayacaq səviyyədə iflasa uğramasından belə, danışmaq mümkündür. Və bu, rəsmi İrəvanın özü üçün də yaxın gələcəkdə ciddi problemlər yarada bilər.(musavat.com)

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki