Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu bildirib. Lakin görüş yalnız Rusiya və Belarus istisna olmaqla, neytral bir ölkədə baş tuta bilər.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak “Axios” nəşrinə müsahibəsində danışıb. Onun sözlərinə görə, Zelenski bu mövqeyini ABŞ-ın sabiq Prezidenti Donald Trampla keçirilən iki telefon danışığında da açıq şəkildə ifadə edib.
Yermak qeyd edib ki, hər iki lider təhlükəsiz xətt üzərindən iki dəfə danışıb və bu zənglər “çox yaxşı” keçib.
“Prezidentlər bir-birini başa düşür. Onlar dərhal konkret məsələləri müzakirə etməyə başladılar. Bu, aramızdakı dostluq və tərəfdaşlığın göstəricisidir”, – deyə Yermak bildirib.
Yermak həmçinin əlavə edib ki, Zelenski Trampa açıq şəkildə bildirib: o, hələ də Putinlə istənilən formatda və dünyanın istənilən nöqtəsində görüşməyə hazırdır, yalnız Rusiya və Belarus bu siyahıya daxil deyil.
Qeyd edək ki, Vladimir Putin bundan əvvəl dəfələrlə Zelenski ilə görüş təkliflərini rədd edib.