image-resize-1backend

Sabir Rüstəmxanlı: “Rusiya miqrant faktorundan Azərbaycana təzyiq kimi istifadə edir“

image-reklam_sirab_01

“Məlum olduğu kimi Rusiya Federasiyası Daxili işlər nazirliyi MDB-yə üzv olan dövlətlərdən öz vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb edib. Bu barədə nazir müavini Aleksandr Qorovoy MDB-nin Parlamentlərarası Assambleyasının toplantısında bəyan edib. Onu da bildirək ki, Rusiya Federal DİN-in məlumatına görə, hazırda Rusiya ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min adam qeyri-leqal yaşayır”.

Veteninfo.az xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Rusiyada soydaşlarımızın məskunlaşması prosesinin tarixinə nəzər salan millət vəkili qeyd edib ki, Rusiyada azərbaycanlıların daha çox sayda yerləşməsi yaxın tariximizlə bağlıdır:

“Keçmiş sovetlər imperiyasının süqutundan sonra onun ərazisində yaşayan xalqlar azadlıq əldə edib müstəqil dövlətlər qursalar da, postsovet ölkələri arasında mədəni-iqtisadi sahədə əlaqələr davam edir, insanlar vizasız gediş-gəliş üstünlüyündən istifadə edək daha çox bu ölkələrə üz tuturlar. Üstəlik, ayrı-ayrı respublikalarda sosial-iqtisadi problemlərin hələ də öz həllini tapmaması bu respublikalar arasında miqrasiya prosesinə təkan verməkdədir. Xüsusilə də köhnə sovet istehsal obyektlərinin əksəriyyətinin bugünkü Rusiya Federasiyasında yerləşməsi və bunun nəticəsində həmin respublikada işçi qüvvəsinə daha çox ehtiyacın olması insanların bu ölkənin ayrı-ayrı şəhərlərinə axınına rəvac verib. Təbii ki, azərbaycanlılar da bu prosesdə istisna təşkil etmirlər. Rusiyaya gedən soydaşlarımızın müəyyən qismi bu ölkənin dövlət və qeyri-dövlət strukturlarında, elmi-istehsal müəssisələrində, mədəniyyət və incəsənət institularında mühüm postlar tutmaqla yanaşı, müəyyən qisim də bazarlarda gündəlik dolanışıq mənbəyi axtarışı ilə məşğuldurlar”.

Partiya sədri soydaşlarımızın illər öncə ölkəni tərk etməsinin səbəbləri sırasında Rusiyanın bölgədə apardığı siyasətin də mühüm rol oynadığını önə çəkib:

“Bu cür məcburi miqrasiyanın əsas səbəblərindən biri də soydaşlarımızın erməni quldurları tərəfindən öz tarixi torpaqlarından qovulması, Dağlıq Qarabağ və ətraf rayonlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və nəticədə bir milyon insanın evsiz-eşiksiz, işsiz qalması ilə əlaqədardır. Xalqımızın bu faciələri yaşamasında Rusiyanın Ermənistana himayədarlıq etməsi, onu silahlandırması da danılmaz faktlardandır. Bu mənada hazırda Rusiyada yaşayan azərbaycanlıların çoxu belə bir acı taleyi yaşamış adamlardır və onlar Rusiyaya xoş gündən gəlməyiblər. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, yaxın gələcəkdə vətəndaşlarımız öz dədə baba yurdlarına qayıdacaq. O zaman heç bir məcburiyyət olmadan Rusiyadan da minlərlə soydaşımız vətənə dönəcək. Amma belə insanlıq faciələrinə dünyanın hər yerində xüsusilə qonşu ölkələr anlayışla yanaşır, hətta belə insanların ruhi-psixoloji durumu nəzərə alınır. Şimal qonşumuz isə nəinki bunu nəzərə alır, əksinə münasibətləri gərginləşdirməyə çalışan qüvvələrə münbit şərait yaradılır və hər dəfə miqrant faktorundan Azərbaycana təzyiq kimi istifadə olunur.”

S. Rüstəmxanlı Rusiya Daxili Işlər Nazirliyi rəsmisinin son bəyanatı ilə bağlı Azərbaycan hökumətinin təcili tədbirlər görməsinin vacibliyini vurğulayıb:

“Bir müddət öncə mən Mİlli Məclisdəki şixışlarımın birində əlaqədar təşkilatlara, o cümlədən, Xarici İşlər Nazirliyinə və ASAN xidmətin rəhbərliyinə müraciət etmişdim. Rusiyada, Türkiyədə və Almaniyada qanunsuz yaşayan həmvətənlərmizin deportasiya olunmaq təhlükəsi və sənəd əldə etmək çətinlikləri barədə məlumat vermişdim. Eyni zamanda xahiş etmişdim ki, ASAN xidmətin səyyar briqadaları həmin ölkələrə göndərilsin və həmin ölkələrdə qanunsuz yaşayan vətəndaşlarımızın və onların ailə üzvlərinin müvafiq sənədlərlə təmin olunmasını təşkil etsin. Rusiya Federasiyasına indi də səyyar briqadaların göndərilməsi gec deyil. Bu prosesə başlanılarsa, Rusiya Federasiyası da Azərbaycan vətəndaşlarına bir necə ay güzəştə gedə bilər. 120 min əmək fəaliyyəti ilə məşğul olan həmvətənimizin Azərbaycana deportasiya olunması onların hüquq və azadlıqlarının pozulmasına, ölkədə işsizliyin artmasına, iqtisadi problemlərə və digər narahatlıqlara səbəb ola bilər. Odur ki, ASAN xidmət, Rusiyadakı səfirlik və konsulluqlarımız, digər dövlət təşkilatları ilə birlikdə, gözlənilən deportasiyanın qarşısının alınması üçün qabağlayıcı tədbirlər görməlidirlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image