Rusiya-Ukrayna müharibəsinin 4-cü ili geridə qalarkən Kreml üçün ən böyük problemlərdən biri canlı qüvvə çatışmazlığı olaraq qalır. Moskva bir tərəfdən yeni müqaviləli hərbçilər toplamaq üçün böyük pullar vəd edir, digər tərəfdən isə artıq yaralanmış, hətta ağır xəsarət almış hərbçiləri təzədən cəbhəyə qaytarır.
Məsələn, Oleq Şikin minaya düşəndən sonra ağır yaralanıb. Onun kəllə sümüyünə qəlpə düşüb, üzü və əlləri yanıb, sol gözü, sinəsi, əlləri və ayaqları müxtəlif xəsarətlər alıb. Vəziyyəti o qədər ağır olub ki, cərrahlar kəllə sümüyünün bir hissəsini çıxarmalı olublar. Şikin əvvəllər məhbus olub. Cəzaçəkmə müəssisəsindən azadlığa çıxmaq müqabilində Rusiya ordusu ilə müqavilə imzalayan minlərlə, bəlkə də on minlərlə məhbus kimi o da Ukrayna cəbhəsinə göndərilib. Yaralandıqdan sonra Şikin xəstəxanaya yerləşdirilib və müalicə olunub. Bundan sonra onun qarşısında qanunla nəzərdə tutulan prosedur dayanıb: hərbi-tibbi komissiya onun bundan sonra hərbi xidmətə yararlı olub-olmadığını müəyyən etməli idi. Həkimlər isə ona bir aylıq xəstəlik məzuniyyəti verilməsini və bundan sonra tibbi müayinədən keçirilməsini tövsiyə ediblər. Amma nəticə tamam başqa olub. Şikin başına titan lövhə qoyulub və o, yenidən döyüş bölgəsinə göndərilib. Hərbçi bu qərarla razılaşmayıb, məhkəməyə müraciət edib.
Nijni Novqorod hərbi məhkəməsi onun şikayətini əsaslı hesab edib və komandirə Şikinin müvafiq tibbi komissiyadan keçirilməsini təmin etməyi tapşırıb. Lakin bundan sonra Şikinin taleyi qaranlıq qalır. Açıq mənbələrdə onun yenidən müayinədən keçib-keçmədiyi, cəbhəyə qaytarılıb-qaytarılmadığı, hətta sağ olub-olmadığı barədə məlumat yoxdur.
Rusiya – Ukrayna müharibəsi altı aya bitə bilər
BBC Rus xidmətinin araşdırdığı onlarla məhkəmə işi oxşar mənzərəni ortaya qoyur. Rusiya qanunvericiliyinə əsasən, hərbi xidmətə yararsız və ya qismən yararlı hesab edilən hərbçilər vaxtından əvvəl tərxis oluna bilərlər. Bunun üçün isə qərarı hərbi-tibbi komissiya verməlidir. Bu komissiyanın tərkibində terapevt, cərrah, nevroloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq və zərurət olduqda digər mütəxəssislər iştirak edir. Kağız üzərində sistem kifayət qədər aydındır. Müharibə reallığında isə başqa mənzərə yaranır. İnsan haqları təşkilatının rəhbəri Sergey Krivenkonun sözlərinə görə, keçmiş məhbusların ordudan ayrılması xüsusilə çətinləşib. Onun fikrincə, bu kateqoriyadan olan hərbçilərin vəziyyəti onların cəbhədə “tərəddüd etmədən qurban verilməsi” üçün əlverişli şərait yaradır.
Belə bir iddianın fonunda başqa məhkəmə işləri də diqqət çəkir. Məsələn, Cənub Ərazi Hərbi Məhkəməsi Rüstəm Fərzəliyevin keçmiş məhkum olmasının onun ordudan tərxis edilməsinə maneə yaratdığı qənaətinə gəlib. Halbuki o, səhhəti ilə bağlı “hərbi xidmətə qismən yararlı” hesab edilib. Digər keçmiş məhbus Vitali Kamenyuk isə hərbi xidmətə yararlılığının müəyyənləşdirilməsi zamanı yalnız bir nevroloqun rəyindən istifadə edilməsindən şikayətlənib. Onun sözlərinə görə, ağır xəsarət alması barədə tibbi sənəd olmasına baxmayaraq, tam hərbi-tibbi komissiyadan keçirilməyib.
Məsələ yalnız keçmiş məhbuslarla məhdudlaşmır Məhkəmə sənədləri və hüquq müdafiəçilərinin məlumatları göstərir ki, Rusiya ordusunda hərbi tibbi müayinə ilə bağlı problemlərlə müxtəlif kateqoriyalardan olan hərbçilər üzləşirlər. Barmaqlarını itirmiş, HİV, vərəm, xərçəng və ya psixi xəstəliklərdən əziyyət çəkən bəzi hərbçilərin belə “qismən hərbi xidmətə yararlı” hesab edildiyi və bunun ardınca onların xidmətdən tərxis olunduğu hallar var.
Burada əsas məsələ isə tibbi vəziyyətin özü qədər həmin vəziyyətin kim tərəfindən və hansı prosedurla qiymətləndirilməsidir. Çünki müharibə şəraitində “yaralıdır” və “xidmətdən azad edilməlidir” ifadələri eyni hüquqi məna daşımır. İkincisi üçün rəsmi tibbi qərar lazımdır. Və məhz bu prosedur ətrafında problemlər yaranır.
2022-ci ildə yüz minlərlə ehtiyatda olan hərbçinin səfərbərliyə alınmasından sonra Rusiya Müdafiə Nazirliyi müharibə şəraiti üçün xüsusi qaydalar müəyyənləşdirmişdi. Həmin qaydalara əsasən, səfərbər olunanlar hərbi hissəyə çatdıqdan sonra ilkin tibbi müayinədən keçirilməli idilər. Məqsəd yoluxucu xəstəlikləri, eləcə də xidmətə mane olan xəsarət və xəstəlikləri müəyyənləşdirmək idi. Lakin bu mexanizm də sonradan mübahisələrə səbəb oldu. Məhkəmə sənədlərində ehtiyatda olan Dmitri Yolkin bildirirdi ki, onun hərbi xidmətə yararlılığı müəyyən edilərkən əsasən 11 il əvvəlki tibbi sənədlərə istinad edilib. Hazırkı sağlamlıq vəziyyətinin tam qiymətləndirilmədiyini deyən Yolkin bununla bağlı məhkəməyə müraciət edib.
2023-cü ilin iyununda isə Rusiya müdafiə nazirinin müavini Timur İvanovun imzaladığı təlimat vəziyyəti daha da maraqlı edib. Sənədə əsasən, xəstəxanadan çıxan və ya xəstəlik məzuniyyətindən qayıdan hərbi qulluqçunun xidmətə yararlı olub-olmadığını tam hərbi-tibbi komissiya əvəzinə hərbi hissənin növbətçi həkimi, hətta feldşer qiymətləndirə bilər. Bu isə hüquq müdafiəçilərinin fikrincə, müharibə şəraitində hərbi tibbi müayinənin mahiyyətini dəyişir.
“Vicdana Çağırış” koalisiyasının vəkillərindən birinin sözləri ilə desək, faktiki olaraq hərbi-tibbi komissiyanı sadə tibbi müayinə ilə əvəz etmək istəyirlər. Bütün bunlar yalnız yaralı əsgərlərin hüquqları məsələsi deyil. Burada daha böyük bir mənzərə görünür. Rusiya artıq beş ildir Ukraynada müharibə aparır. Canlı qüvvə itkisi yüksək olaraq qalır. Yeni əsgərlərin cəlb edilməsi üçün böyük maliyyə vəsaitləri ayrılır, regionlarda yüksək birdəfəlik ödənişlər təklif olunur, müqaviləli xidmətə təşviqat aparılır.
Amma yeni insan axını əvvəlki səviyyədə təmin edilmədikdə sistemin qarşısında başqa seçim yaranır: mövcud hərbi qulluqçuları mümkün qədər uzun müddət sırada saxlamaq. Bu baxımdan yaralı əsgərin “tam sağalmadan” cəbhəyə qaytarılması sadəcə fərdi hadisə deyil, daha geniş problemin əlaməti kimi görünür. Vəkillərdən birinin anonim şəkildə dediyi fikir isə xüsusilə diqqətçəkəndir: Bu qaydaların müvəqqəti tədbir kimi deyil, daimi mexanizmə çevrilməsi Rusiyanın müharibəni qısa müddətli kampaniya kimi deyil, uzun illər davam edə biləcək qarşıdurma kimi planlaşdırdığını göstərir. Rusiya-Ukrayna müharibəsində real insan itkisini hesablamaq son dərəcə çətindir. Moskva itkilər barədə tam və müstəqil yoxlanıla bilən məlumat açıqlamır. İndiyədək müharibədə öldüyü müəyyən edilən və təsdiqlənən 233 min 200-dən çox rus hərbçisinin adlı siyahısı var.
Britaniyanın GCHQ rəhbəri isə 2026-cı ilin mayında Rusiyanın 2022-ci ilin fevralından Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından bəri təxminən 500 min rus hərbçisinin öldüyünü açıqlayıb.Musavat.com


























