image-img-20210712-wa0025backend

Sağlam gələcək naminə birgə addımlayaq – Narkomaniyaya YOX! deyək

image-reklam_sirab_01

Sağlam gələcək naminə birgə addımlayaq –
Narkomaniyaya YOX! deyək

Müasir dövrümüzün ağrılı və acınacaqlı bəlalarından biri də Nakomaniyadır. El arasında “Ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı isə ildən-ilə artmaqdadır.
Bəs bəşəriyyətin təhlükə mənbəyinə çevrilmiş və onu məhvə sürükləyən bu bəla – Narkomaniya nədir?
Yunan sözü olan narkomaniya “narko” – “bihuşluq”, “maniya” isə – “asılılıq” deməkdir.
Adından da göründüyü kimi narkotik maddə mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. Belə ki, o toksik maddə olduğundan insanın bütün orqanizminə, xüsusilə mərkəzi sinir sisteminə ciddi mənfi təsir göstərir və beləliklə xəstə özünü şüurlu şəkildə idarə edə bilmir. Bu isə son məqamda aqressivliyə, sosial münasibətlərin məhvinə, cinayətkarlığa meylliliyə və ölüm hallarına gətirib çıxarır.
Uzun illərin elmi araşdırmaları göstərir ki, narkomanlıq insanı ruhi cəhətlə yanaşı fiziki cəhətdən də şikəst edir. Belə ki, narkotik maddələr ilk növbədə orqanizmin immunitet səviyyəsini aşağı salaraq, ürək-damar sisteminə, qara ciyər və böyrək kimi daxili orqanların ciddi zədələnmısinə yol açır. Nəticədə, orqanizm zəifləyir, çəki itkisi yaranır və nəticədə insanın fiziki gücü tükənir və sonda ölüm halı baş verir. Araşdırmalar göstərir ki, erkən yaşdan narkotik qəbul edən şəxslərin ömrü 35-40 il arası təşkil edir.
Onu da nəzər almaq lazımdır ki, narkomaniya Hepatit, QİÇS kimi ağır yoluxucu xəstəliklərə də yol açan və gizli şəkildə sürətlə yayılma xüsusiyyətlərinə malik yoluxucu xəstəlikdir. Belə ki, müxtəlif şəxslər tərəfindən eyni iynədən istifadə zamanı, narkomanların 90 faizi məhz bu kimi ağır xəstəliklərə yoluxur.
Mütəxəssislərin fikrincə ən acınacaqlı hal isə ondan ibarətdir ki, narkotik maddə aludəçisi olan şəxs özündən əlavə ən azı 10-15 nəfəri də bu yola cəlb edə bilər. Bu isə xəstəliyin nə qədər sürətli şəkildə yayılma təhlükəliliyinin göstəricisidir.
Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hal-hazırda yer kürəsinin 250 milyon sakini planetimizin ən qlobal problemlərindən birinə çevrilən “ağ ölüm”ün əsrinə çevrilmişdir. Bu statistikanın 47 milyon nəfəri Latın Amerikası ölkələrinin payına düşür. Təkcə Meksikada narkomaniyanın bəlasına düçar olmuş insanların sayı 1 milyon 200 min nəfəri ötmüşdür. Avropa Birliyi ölkələrinə gəldikdə isə orada 750 minə yaxın insan narkotik maddə istifadəçisidir. MDB və Asiya ölkələrində isə bu göstərici 26 milyondan çoxdur. Lakin onu da qeyd edək ki, ekspertlərin fikrincə, bu rəqəm tam real gerçəkliyi əks etdirmir. Çünki, narkomanların heç də hamısı qeydiyyata düşmür.
Təəssüflər olsun ki, bu bəla ölkəmizdən də yan keçməmişdir. Doğrudur bir sıra dünya ölkələri ilə müqayisədə ölkəmizdə narkotizm o qədər geniş yayılmasa da, mövcuddur və ciddi mübarizələrə rəğmən, yenə də artmaqdadır.
Belə ki, son on ilin statistik məlumatlara əsasən respublikamızda 2010-cu ildə narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə 28 376 nəfər, 2014-cü ildə 28 656 nəfər, 2015-ci ildə 28 555 nəfər, 2016-cı ildə 29 448 nəfər, 2017-ci ildə 30 131 nəfər, 2018-ci ildə 31 432 nəfər olmuşdur. 2019-cu ildə isə bu göstərici bir qədər də artaraq 32 921 nəfər təşkil etmişdir ki, onların da içərisində 25-45 yaş arası şəxslər üstünlük təşkil edir. Xüsusilə narkotik istifadəçilərin 6 100 nəfərə yaxını məhz 29 yaşa qədər olan gənclərdir ki, bu da ümumi qeydiyyatda olan narkotik maddə istifadəçilərinin təxminən 20 faizini təşkil edir.
Həmçinin narkotik istifadəçilərin 27 574 nəfəri dispanser, 5 347 nəfəri profilaktik qeydiyyatda olanlardır ki, onlardan da 641 nəfəri qadın, 249 nəfəri toksikoman, 22 871 nəfəri (512 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir.
Tibbi təcrübələr göstərir ki, narkomaniyanın müalicəsi çox çətin prosedurdur. Belə ki, narkotik maddədən asılılıq bir və ya bir neçə dəfə istifadədə yaransa da, ondan qurtulmaq isə çox uzun və ağır bir dövrü əhatə edir. Bu öldürücü, zərərli maddənin pəncəsindən çətin və gec də olsa qurtulmağa çalışanlar olsa da, təəssüf ki, atılan addımlar hər zaman öz müsbət nəticəsini vermir. Bunun başlıca səbəbi isə xəstəliyin güclü iradə və uzun müddətli müalicə tələb etməsidir.
Narkomaniyaya qarşı mübarizə tədbirlərinə gəldikdə isə bu ilk növbədə ailədən və təhsil ocaqlarından başlayır. Belə ki, psixoloqların fikrincə yeniyetmə və gənclərin bu kimi zərərli vərdişlərə qurşanmasına səbəb olan risk faktorları kimi bura: psixi problemləri olan və ya narkotik asılılığı olan valideynlərin olduğu xaotik ailələr, düzgün olmayan tərbiyə üsulları, valideyn və övlad arasında bağlılıq və sevgi əskikliyi, həddindən artıq utancaqlıq və aqressiv davranışlar, dərsdə müvəffəqiyyətin azalması, sosial bacarıqların zəif olması, deviant davranış nümayiş etdirən insanların olduğu mühitdə olmaq, ailə və təhsil mühitində narkotik maddələrin istifadəsinə şəraitin yaradılması, ətraf mühitin onlara mənfi təsirləri, valideyn nəzarətinin aşağı olması, narkomaniya barədə məlumatsızlıq və s. daxildir.
Asılılığı önləyən qoruyucu faktorlar kimi isə bura: güclü və pozitiv ailə əlaqələri, valideynlərin ailədaxili intizam qaydalarının olması və hər bir ailə üzvünün bu qaydalara mütləq əməl etməsi, valideynlərin övladlarının həyatı ilə yaxından maraqlanması, onların etdiklərindən xəbərdar olması, dostlarını və çevrəsini tanıması, onların özünüinkişaf kimi əlavə məşğuliyyətlərə cəlb edilməsi və s. daxildir.
Bu gün narkomaniya təkcə bəşəriyyətin sağlamlığına, mənəvi dünyasına deyil, qlobal dünya iqtisadiyyatına da narkoticarət yolu ilə ağır və sağalmaz yaralar vurmaqdadır. Belə ki, narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə də ən ciddi təhdidlərdən biri kimi çıxış edir.
Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür ki, bu yol ilə əldə edilən qanunsuz gəlirlər də yeni müharibə və münaqişə ocaqlarının, ayrı-ayrı terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin daha da güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur.
Çox təəssüflər olsun ki, vaxtilə işğala məruz qalmış Dağlıq Qarabağ və ətraf ərazilərdə də xeyli sayda narkotik laboratoriyalar fəaliyyət göstərmişdir. Düşmən silahlı münaqişə nəticəsində nəzarətsiz qalmış Azərbaycan ərazilərindən narkotiklərin becərilməsi, satılması və tranziti, eyni zamanda, transmilli cinayətlərin həyata keçirilməsi üçün nəzarətsiz zona kimi istifadə etmiş, hər il dünya bazarlarına on tonlarla narkotik maddələr çıxarmışdır.
Dünya üzrə bu kimi mənfi halları nəzərə alan Birləşmiş Millətlər Təşkilatı (BMT) 1961-ci il ildə “Narkotik vasitələr haqqında” Vahid Konvensiya, 1971-ci il ildə “Psixotrop maddələr haqqında” Konvensiya, 1988-ci il ildə isə “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiya qəbul etmişdir.
BMT-nin 1988-ci il tarixli Konvensiyasına daxil olan ölkələrin birgə Bəyannaməsinə əsasən narkomaniyaya dair problemlərin daim ictimaiyyətin diqqətində saxlanması məqsədi ilə hər il “26 iyun – Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur.
Ölkəmiz isə öz müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də məqsədyönlü, ardıcıl və təxirəsalınmaz addımlar atmışdır.
İlk addım olaraq, 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulmuşdur. 1998-ci ildə isə Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulmuşdur. Həmçinin ölkəmiz narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər, memorandumlar imzalamışdır.
Müstəqilliyimizin ilk illərindən başlayaraq Ulu Öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir:
“Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”.
Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev Narkomanlığa və narkotik vəsaitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və bu problemin həll edilməsi üçün görülən işlər keyfiyyət baxımından yeni mərhələyə qədəm qoymuşdur. Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə isə Milli Məclis tərəfindən «Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında»Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Bu Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.
Beləliklə bu gün ölkəmizdə lazım olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış, milli proqramlar hazırlanaraq həyata keçirilmişdir. Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətimizin qarşısında duran ən vacib məsələlərdən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qətiyyətli mövqe nümayiş etdirərək, bu problemlə əlaqədar 2000-2006-cı illəri, 2007-2012-ci illəri və 2013-2018-ci illəri əhatə edən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair üç mühüm əhəmiyyət kəsb edən Dövlət Proqramı təsdiq etmişdir. Hal-hazırda isə Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə 2019-2024-cü illəri əhatə edən dördüncü növbəti 5 illik Dövlət Proqramı təsdiq olunmaqla icrasına başlanılmışdır.
Bu isə ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu nümayiş etdirir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır.
Dünya təcrübəsi göstərir ki, narkomaniyanın cəmiyyətdə, xüsusilə gənc nəslin arasında yayılma səbəblərindən biri də narkotik vasitələrin insan orqanizmində törədə biləcəyi ağır fəsadlar haqqında cəmiyyətin məlumatsızlığının olmasıdır. Xüsusilə bu sahədə təbliğatın aşağı səviyyədə aparılması gənclərin bu bəlanın ağuşuna hazır yem kimi atılmasına münbit şərait yaradır.
Bu məqsədlə sağlam həyat tərzinin cəmiyyətdə, xüsusilə gənclər arasında təbliği üçün yeniyetmə və gənclər arasında bəşəriyyəti dərindən düşündürən və onu narahat edən ən ciddi problemlərdən biri kimi narkomaniya və onun törətdiyi ağır fəsadlar haqqında düzgün maarifləndirici tədbirlərin intensiv hal alması olduqca zəruridir.
Bu məqsədlə, ölkəmizdə gənclər siyasətinin əsas istiqamətlərindən biri kimi istər ümumi təhsil müəssisələrində istərsə də orta ixtisas və ali təhsil müəssisələrində narkomaniyanın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə silsilə tədbirlər: gənclərə maarifləndirici buklet və broşurlar kimi zəruri təbliğat materiallarının paylanılması, anti-reklam lövhələrin asılması, məktəblərdə bu mövzuda şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkil olunması, səhnələşdirilmiş tamaşaların nümayiş olunması, bu sahə üzrə ixtisaslı, səlahiyyətli şəxsləri cəlb etməklə gəncləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılması kimi fəaliyyətlər həyata keçirilir.
Yalnız bu mövzuda bütün yük dövlət qurumlarının öhdəliyinə düşməməlidir. Bütöv cəmiyyət olaraq bu ağrılı məsələyə həssas yanaşmalı, hər birimizin üzərinə düşən bu böyük məsuliyyəti dərindən hiss etməli və birgə mübarizə aparmalıyıq. Yeniyetmə və gənclərə sağlam həyat tərzinin yeganə yolunun mənəvi saflıq və fiziki sağlamlıq olduğunu aşılamalıyıq.
Gəlin birlikdə planetimizin ən qlobal problemlərindən birinə çevrilən, gənclərimizi ölümün ağuşuna alan, cəmiyyətimizin mənəvi və intellektual potensialının aşınmasına səbəb olan, genofondumuza sarsıdıcı, ağır və sağalmaz zərbələr vuran bu bəlaya – Narkomaniyaya YOX! deyək. Öz ailəmizi, əzizlərimizi, çevrəmizi, ümumilikdə xalqımızı bu bəladan qoruyaq. Bu bəlaya düçar olmuş və ondan əziyyət çəkən vətəndaşlarımızı isə cəmiyyətdən təcrid etməyək, əksinə onlara öz yardım əlimizi uzadaraq birgə mübarizə aparmaqda onlara dəstək olaq.

 

Coşqun MƏMMƏDOV

AMEA Rəyasət Heyəti
Vitse-prezidentin xidmətində
Elmi katib

Azərbaycan Respublikasının Milli Məclisi
Deputat köməkçisi (i.ə.)

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki