Bəzi hallarda bir qrup şəxs biznes qurmaq və gəlir əldə etmək məqsədilə birgə fəaliyyətə başlayır. Lakin tərəflərdən birinin üzərinə düşən öhdəliklərə əməl etməməsi və ya digər iştirakçıların xəbəri olmadan qanunsuz addım atması nəticədə bütün qrup üzvlərinin məsuliyyətə cəlb olunmasına səbəb ola bilər.
Belə hallarda şəxsin digər iştirakçıların fəaliyyətindən xəbərsiz olduğunu və baş verən qanunsuzluqda iştirak etmədiyini hüquqi baxımdan necə sübut etmək mümkündür?
Müvəkkil Hüquq Mərkəzinin sədri, Səməd Vəkilov Demokrat.az-a bildirib ki, son illər bizneslə bağlı bu tərz cinayətlər intensiv şəkildə artır:
“Çox sayda insanın adından etibarnamə vasitəsilə Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) alaraq həmin şəxslərin adına bizneslə məşğul olur, nəticədə onların adına külli miqdarda vergi borcu yaradaraq həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olurlar. Təəssüf ki, bu növ cinayət artıq kütləvi şəkil alıb. Əlbəttə, burada formal olaraq qanun pozuntusu yoxdur. Yəni kimsə özünə mülki iş üzrə nümayəndə təyin edir, bu şəxs ona verilmiş qanuni səlahiyyətdən istifadə edərək həmin şəxsin adına VÖEN açır. Bundan sonra isə həmin şəxsin adına bizneslə məşğul olur”.
Sədr bildirib ki, ancaq reallıqda adına VÖEN açılan şəxs işin mahiyyətini anlamadan bu proseslərə qoşulub:
“Nəticə etibarilə formal olaraq qanuni fəaliyyət olsa da, gerçəklikdə dələduzluq cinayətinin tərkib əlamətləri var. Burada, əlbəttə, istintaq orqanının üzərinə çox böyük məsuliyyət düşür. Formal olaraq cinayətdə iştirak etmiş şəxsin yox, başqasının əmlakını ələ keçirən, başqasının adından ASAN İmza ilə VÖEN alaraq bizneslə məşğul olan və bununla da başqalarına zərər vuran şəxsin məsuliyyətə cəlb olunmasına nail olmaq lazımdır”.


























