Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin gələcək inkişafı, sülh strategiyası və Azərbaycanla münasibətlərin perspektivləri barədə fikirlərini bölüşüb.
Vətəninfo.az xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, tarix yalnız keçmişdə baş verən hadisələrdən ibarət deyil, həm də gələcəkdə həyata keçirilməli olan məqsədləri əhatə edir.
Onun sözlərinə görə, keçmişdə baş verənləri dəyişdirmək mümkün deyil. Tarixi təcrübə isə gələcəkdə eyni səhvlərin təkrarlanmaması üçün bir növ praktiki dərs rolunu oynamalıdır.
“Ermənistan vətəndaşlarının bu gün yaratdıqları tarix unikaldır, çünki əvvəllər belə bir tarix mövcud olmayıb. Bəlkə də ilk dəfədir ki, biz tarixin təkrar istehsalçıları deyil, yaradıcılarıyıq”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir qeyd edib ki, Ermənistanın gələcəyi “Azad və Xoşbəxt Ermənistan” vizyonunun reallaşdırılmasından və davamlı dövlət strategiyasının həyata keçirilməsindən asılıdır. O, bu yanaşmanı “Əsl Ermənistan” ideologiyası ilə əlaqələndirib.
Paşinyan, həmçinin Azərbaycanla münasibətlərin inkişafı məsələsinə toxunaraq bildirib ki, iki ölkə arasında dostluq əlaqələrinin genişləndirilməsi daha böyük nəticələr əldə etməyə imkan verə bilər.
Onun fikrincə, sülh sazişinin imzalanmasından sonra Ermənistanın inkişafı üçün yeni imkanlar yarana, ölkə daha da çiçəklənə bilər.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regionda davamlı sabitliyin təmin edilməsi Cənubi Qafqazın gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.


























