“Məktəblərdə vahid formanın tətbiqi olduqca vacibdir.”– bu fikirləri ARB24 Televiziyasının efirində çıxışı zamanı Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Cavanşir Feyziyev məktəbli formasına qarşı şagirdlərin etirazlarının yalnız onların şəxsi təşəbbüsü ilə bağlı olmadığını düşünür. Onun fikrincə, bu prosesdə valideynlərin və ya kənar şəxslərin də təsiri ola bilər.
Deputat məktəbli formasının vacibliyini əsaslandırarkən şagirdlər arasında maddi imkan fərqlərinə də diqqət çəkib. Bildirib ki, bəzi uşaqların bahalı geyimlərə, müasir telefonlara və müxtəlif aksesuarlara sahib olması, digərlərinin isə bu imkanlardan məhrum qalması məktəb mühitində sosial müqayisələrə və psixoloji narahatlığa səbəb ola bilər.
“Məsələn, bahalı telefonla məktəbə gələn şagirdin video çəkərək sosial şəbəkələrdə paylaşım etməsi maddi imkanı məhdud olan digər uşaqlarda özünü aşağı hiss etmə duyğusu yarada bilər. Bu kimi hallar şagirdlərin özünəinamına və sinif daxilində münasibətlərinə mənfi təsir göstərə bilər.”– deyə Cavanşir Feyziyev bildirib.
Millət vəkilinin yanaşmasına görə, vahid məktəbli formasının tətbiqi geyimlər arasındakı fərqləri azaltmaqla şagirdlər üçün daha bərabər təhsil mühitinin formalaşmasına kömək edə bilər.
Cavanşir Feyziyev beynəlxalq təcrübəyə də diqqət çəkərək Avropa ölkələrinin təhsil sistemlərində məktəbli geyimi qaydalarının tətbiq olunduğunu vurğulayıb.
Daha ətraflı videoda:

























