ABŞ prezidenti Donald Trampın Ukrayna və konkret olaraq, Zelenski haqda son açıqlamaları açıq səmada şimşək effekti yaradıb. Özü də təkcə Ukraynada yox. Eyni zamanda, bu ölkəyə qarşı beş ildir təcavüzkar müharibə aparan Rusiya hərbi-siyasi rəhbərliyinin “çörəyinin üzərinə yağ” sürtüb. Sonuncuya müharibəni davam etdirmək üçün əlavə stimul verib.
“Rusiya neft emalı zavodlarına (NEZ) zərbələri davam etdirməklə Zelenski Trampla birbaşa qarşıdurma riski yaradır”.
Bu barədə Bloomberg yazıb. Qeyd olunur ki, ABŞ prezidenti aralıq seçkilər ərəfəsində Ukraynadakı müharibəyə getdikcə daha çox enerji daşıyıcılarının qiyməti prizmasından yanaşır.
“Bu, Kiyev üçün təhlükə yaradır, çünki Ukrayna hələ də ABŞ-dan silah, xüsusilə Patriot hava hücumundan müdafiə sistemləri, eləcə də kəşfiyyat məlumatları almaqdan asılıdır”, – agentlik bildirir.
![]()
Mənbələrdən birinin sözlərinə görə, Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner görüş zamanı bu xüsusda Ukrayna nümayəndə heyətinə bildiriblər ki, ABŞ sursat və kəşfiyyat məlumatları ilə təmin edən etibarlı tərəfdaşdır, ona görə də Ukrayna Amerika istehlakçılarına zərər vuran addımlar atmamalıdır. Neft emalı zavodlarına zərbələr endirilməsi də belə addımlardan biri kimi göstərilib. Digər bir neçə mənbənin bildirdiyinə görə, həmin sözlər ABŞ-ın Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini dayandıracağına dair dolayı təhdid kimi qəbul edilib.
Yəni, sadə dillə ifadə eləsək, minnət məsələsi. Hərçənd, Kremlə yaxın qaynaqlar hesab edir ki, Rusiya rəsmiləri Trampın vasitəçiliyi ilə yekun razılaşmanın əldə olunacağına elə də böyük ümid bəsləmirlər. Moskva ABŞ liderinin Zelenskiyə qarşı sərt tənqidindən təəccüblənsə də, Rusiyaya görə, Vaşinqton Ukraynaya kəşfiyyat məlumatları ötürülməsini və silah tədarükünü dayandırmayacağı təqdirdə, bu tənqidin heç bir faydası olmayacaq.
Lakin məqalədə o da vurğulanır ki, bu dəfə Tramp Kiyev üçün vəziyyəti siyasi baxımdan daha təhlükəli edə bilər. Belə bir ehtimalı Trampın ilk prezidentlik dövründə ABŞ Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə müşavir vəzifəsində çalışmış Fiona Hill irəli sürüb. “Əgər o, Ukrayna siyasətinə fəal şəkildə müdaxilə etməyə başlasa və bununla da, mahiyyət etibarilə, siyasi təxribat fəaliyyəti ilə məşğul olsa, daha böyük zərər vura bilər”, — Hill əlavə edib…
“Voll Strit Jurnal” isə hesab edir ki, Tramp və Zelenski arasında münasibətlər bir il əvvəl Ağ Evdə baş verən sözlü mübahisədən bəri ən aşağı həddə çatıb. “Trampın Ukrayna prezidentinin dəyişdirilməsinə dair çağırışı və Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmaq tələbi Avropa liderlərinin ABŞ-ın Kiyevə dəstəyini qorumaq üçün 18 ay ərzində göstərdikləri səyləri təhlükə altına qoyur”, – məqalədə deyilir.
Yada salaq ki, az öncə ABŞ prezidenti açıqlamasında Ukraynaya yeni lider lazım olduğunu bəyan eləmişdi…
Ancaq istək ayrı, reallıq ayrı. Xüsusən də böyük siyasətdə, geosiyasətdə. Üstəlik, müharibə gedən və qaçqın-köçkünləri olan, həm də son dərəcədə həssas bir fazaya girmiş müharibənin içində olan Ukraynada görəsən hansı azad seçkidən söhbət gedə bilər? Ən mühümü, məgər “keçiddə atları dəyişirlər”?
Başqa yandan, rəy sorğuları Zelenskinin xalq tərəfindən dəstəkləndiyini göstərir. Bu o deməkdir ki, Ukrayna xalqı yenə ona etimad göstərə bilər, çünki onun ədalətli müharibə apardığına əmindir. Belə mübariz xalqa isə kömək daha çox lazımdır, nəinki onu edilən köməkdən məhrum eləmək, silah-sursatı, mühüm kəşfiyyat məlumatlarını kəsmək. Nəyin xətrinə? ABŞ-da yanacaq ucuzlaşsın deyə? Hələ də o sual altındadır.
Hər şey qırağa, Rusiyanın işğalçı müharibəni davam etdirmək üçün əlavə milyardlar qazanması necə olsun? Doğrudanmı Ağ Ev üçün maddiyyət mənəvi prinsiplərdın önə keçir?..Musavat.com


























