Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın Ukrayna rəhbərliyinə qarşı səsləndirdiyi tənqidlərə dəstək verib.
Vətəninfo.az xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edərək onun həddini aşdığını bildirib.
Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O, ABŞ Ağ Evinin Donald Trampın açıqlamalarını əks etdirən videosuna münasibət bildirərək yazıb: “Zelenski həddini aşıb”.
Qeyd edək ki, Donald Tramp Ukraynanın Rusiya neft emalı zavodlarına davam edən hücumlarının qlobal yanacaq böhranını dərinləşdirdiyini və ABŞ iqtisadiyyatına, xüsusilə də fermerlərə zərər vurduğunu iddia edib.
ABŞ prezidenti şənbə günü Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında Kiyevə dizel yanacağı ilə bağlı xəbərdarlıq etdiklərini bildirib.
“Biz ona dedik ki, istədiyini et, amma dizel yanacağına zərbə vurma. Çünki böyük problem, ciddi qıtlıq var. Bəs o nə edir? Gedib dizel yanacağına zərbə vurur”, – deyə Tramp bildirib.
O, Ukraynanın bu addımlarının dünya iqtisadiyyatına, ABŞ fermerlərinə və heyvandarlıq təsərrüfatlarına problemlər yaratdığını iddia edib.
Tramp, həmçinin Zelenskini münaqişənin başa çatdırılması üçün yaranmış imkanlardan dəfələrlə imtina etməkdə və Vaşinqtonun çağırışlarına məhəl qoymamaqda ittiham edib. ABŞ prezidenti Ukraynada rəhbərliyin dəyişməsinin vaxtının çatdığını da söyləyib.
İlon Maskın açıqlaması Trampın bu fikirlərini dəstəkləməsi kimi qiymətləndirilir. Bununla belə, Ukraynanın Rusiya ərazisindəki enerji infrastrukturuna hücumları və bu addımların qlobal yanacaq bazarına təsiri ilə bağlı tərəflərin mövqeləri fərqlənir.


























