image-reklam-veteninfo
image-1backend

 Tramp Zelenskiyə : Onun başı xarabdır

image-reklam-veteninfo

Vaşinqton Kiyevi Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmayacağı təqdirdə silah tədarükünü və kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırmaqla hədələyib.

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarını davam etdirməsindən narazıdır. Axios və Financial Times nəşrlərinin məlumatına görə, Vaşinqton Kiyevə xəbərdarlıq edərək hücumlar dayandırılmayacağı təqdirdə hərbi və kəşfiyyat dəstəyinin məhdudlaşdırıla biləcəyini bildirib.

Məlumata əsasən, Ağ Ev administrasiyası Ukraynanın hücumlarının ABŞ-ın enerji bazarına və ölkənin daxili iqtisadi maraqlarına mənfi təsir göstərdiyini düşünür. Trampın fikrincə, Kiyev müharibənin başa çatdırılması istiqamətində mümkün razılaşmalara mane olur və bununla Amerika istehlakçılarına, eləcə də fermerlərinə zərər vurur.

Axios nəşrinin Ağ Ev rəsmisinə istinadən yaydığı məlumata görə, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı ciddi narazılıq ifadə edib.

“Tramp həqiqətən dəli olub. O, Zelenskinin ABŞ-ı adi bir şey kimi qəbul etdiyini düşünür”, – deyə nəşrin danışdığı mənbə bildirib.

Mənbənin iddiasına görə, Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumları Moskva ilə münasibətlərdən daha çox Vaşinqtonla əlaqələrə zərər vurur.

Financial Times qəzetinin müzakirələrlə tanış mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ rəsmiləri həftəsonu Kiyev və bir sıra Avropa paytaxtları ilə əlaqə saxlayaraq kəşfiyyat məlumatlarının paylaşılmasını, eləcə də Ukraynaya Amerika silahlarının tədarükünü təmin edən PURL mexanizmini dayandırmaq ehtimalını gündəmə gətiriblər.

PURL proqramı çərçivəsində Avropa ölkələri Ukrayna üçün ABŞ istehsalı olan silahlar alırlar.

Axios nəşrinin istinad etdiyi Ukrayna rəsmisinin sözlərinə görə, Trampın elçiləri Stiv Vitkoff və Cared Kuşner cümə günü Mayamidə keçirilən danışıqlar zamanı Kiyev nümayəndələrinə Vaşinqtonun kəşfiyyat məlumatlarını paylaşmağı dayandıra biləcəyi barədə xəbərdarlıq ediblər.

Bununla belə, ABŞ rəsmisi Kiyevə birbaşa təhdidlər edildiyini təkzib edib. Onun sözlərinə görə, danışıqlar zamanı Ukrayna nümayəndələrinə Vaşinqtonun göstərdiyi geniş hərbi və kəşfiyyat dəstəyi xatırladılıb və ABŞ istehlakçılarına zərər vuran addımlardan çəkinmək tövsiyə olunub.

Gərginliyin Trampın Rusiya Prezidenti Vladimir Putinlə dizel yanacağının tədarükü barədə razılaşmasından sonra daha da artdığı bildirilir.

Axios nəşrinin əvvəlki məlumatına görə, Zelenski Vaşinqtonun Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmaqla bağlı tələblərini qəbul etməyib. Bundan sonra Tramp administrasiyası Rusiya yanacağına tətbiq edilən bəzi məhdudiyyətləri yumşaltmaq istiqamətində addım atıb.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi Rusiyanın dizel ixracına qarşı sanksiyaların 2027-ci ilin aprelinədək yumşaldıldığını açıqlayıb. Moskvanın isə qlobal yanacaq çatışmazlığının aradan qaldırılmasına kömək məqsədilə əhəmiyyətli həcmdə yanacaq tədarük etməyə söz verdiyi bildirilir.

Zelenski bu qərarı “zəif qərar” adlandıraraq onun Rusiyaya əlavə gəlir qazandıracağını bildirib. Tramp isə Ukrayna liderini qlobal problemlər yaratmaqda ittiham edib və Ukraynada razılaşma əldə edə biləcək yeni rəhbərliyin seçilməsi fikrini gündəmə gətirib.

Tramp bazar günü Rusiya və Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmaq barədə dərhal qüvvəyə minən atəşkəs razılaşmasına gəldiyini açıqlayıb.

O, Truth Social platformasında paylaşım edərək hər iki tərəfin razılığa gəldiyini bildirib və tərəfləri razılaşmanı pozmamağa çağırıb.

Lakin bu açıqlama Kiyevdə təəccüblə qarşılanıb. Zelenski belə bir razılaşma barədə məlumatının olmadığını deyib. Moskva da hələlik razılaşmanın əldə olunduğunu rəsmən təsdiqləməyib.

Ağ Ev rəsmisinin təsvirinə görə, təklif olunan razılaşma qarşılıqlı olaraq neft emalı zavodlarına hücumların dayandırılmasını nəzərdə tutur. Digər enerji infrastrukturlarına hücumlarla bağlı isə eyni məhdudiyyətin tətbiq olunmayacağı bildirilir.

Kiyev belə bir razılaşmanın Rusiyaya daha çox fayda verəcəyini düşünür. Buna səbəb kimi Ukraynanın neft emalı imkanlarının məhdud olması və ölkənin yanacaq ehtiyacının böyük hissəsini idxal hesabına ödəməsi göstərilir.

Beləliklə, Vaşinqtonla Kiyev arasında yaranmış fikir ayrılığının Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqlara da təsir göstərə biləcəyi ehtimal olunur. Məlumata görə, Vitkoff və Kuşner Kiyev və Avropanın aparıcı tərəfdaşlarının vahid sülh təklifini dəstəkləməyə hazır olub-olmadığı aydınlaşana qədər Moskvaya planlaşdırılan səfərlərini təxirə salıblar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki