image-101-nezaket-hemzeyevabackend

Ümumilli lider Heydər Əliyevin Həmrəylik uğrunda mübarizəsi

image-reklam_sirab_01

Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.

Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Ümummilli lider dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbiidir. Çünki, insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər.

Ancaq ulu öndərin həyatının qəhrəmanlıq anlarını, zamanı qabaqlamaq, tarix yaratmaq bacarığını yalnız onun rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Ümumilli lider Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir.

Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə – müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.

Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sanır.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxartdı, 1989-cu ilin soyuq, şaxtalı qış günündə minlərlə soydaşımız tarixin ədalətsiz hökmünə – təxminən 200 il bundan əvvəl bağlanmış Türkmənçay və Gülüstan sülh müqavilələrinin şərtlərinə etiraz əlaməti olaraq Araz çayının sahilinə toplaşdılar, doğma Azərbaycanı ikiyə bölən tikanlı məftilləri dağıtdılar. Beləliklə, 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu.

Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il yüksək sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. “Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatında onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edirəm ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları, istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır.

Hazırda azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivər açılmışdır. İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və mili-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir”- cənab Prezident İlham Əliyevin bu sözləri Azərbaycan dövlətinin bu mövzuda necə qərarlı olduğunu sübut edir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bütün bu nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyevin formalaşdırdığı siyasi kurs dayanır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ümummilli liderimizin müdrik siyasi kursunu layiqincə davam etdirərək, Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına çıxması naminə qeyri-adi fədakarlıq nümunələri göstərir.
Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən  müharibəsində  qazandığımız  Zəfər həmrəyliyimizin, xal-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı.

Ulu öndər “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” söyləyərkən ilk növbədə xalqın, ölkənin gələcək taleyini, ölməz ideyalarının, məqsəd və arzularının həyata keçirilməsinin vacibliyini nəzərdə tutur və bu yolda İlham Əliyev şəxsiyyətinə inamını ifadə edirdi.

Sevindirici haldır ki, bu inam cənab İlham Əliyevin fəaliyyətində özünü doğrultdu və Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafında, beynəlxalq aləmdə qazanılan uğurlarda özünü göstərməklə ulu öndərin müdrikliyinin bir daha əyani ifadəsinə çevrildi. Heydər Əliyev siyasətinin zamanın sınaqlarından qaynaqlandığını, dərin zəka və ağıla söykəndiyini, xalqa və ölkənin tərəqqisinə, xoşbəxtliyinə yönəldiyini sübuta yetirdi.

 

 

Nəzakət Həmzəyeva

Bakı şəhəri, Ə.Məmmədov adına 101 nömrəli tam orta məktəbin tarix müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki