İndiki dövrdə dənizlərin səviyyəsinin tərəddüdü hesabına ətraf ərazilərin zərər görməsi halı artmaqdadır. Xəzər dənizinin səviyyə tərəddüdü sahil ərazilərdə yerləşən ölkələr üçün müəyyən problemlər doğurur.
Hansı tarixdə Xəzər dənizinin səviyyəsi ən aşağı həddə olub? Xəzər dənizinin səviyyəsi ilə bağlı hansı proqnozlar verilib?
Mövzu ilə bağlı Suinfo.az-a danışan Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov söyləyib ki, 1977-1978-ci illərdə Xəzər dənizinin səviyyəsi indiki kimi və hətta biraz da aşağı olub.
“Ümumiyyətlə Xəzər dənizi özünün çoxillik səviyyə tərəddüdləriylə yadda qalan su obyektidir. Xəzər dənizi qapalı göldür və biz onun suyunun hər zaman artma və azalmasını müşahidə etmişik. 1977-1978-ci illərdə Xəzər dənizinin səviyyəsi indiki kimi və hətta biraz da aşağı olub. Bu müddət ərzində Xəzər dənizinin xilas olması üçün müxtəlif ideyalar səslənib. Hətta o dövrlərdə Xəzər dənizinin şərqində olan Qaraboğazgöl körfəzi tamamilə quruduldu ki, dənizdə gedən buxarlanma azalsın. Lakin həmin vaxtlarda gözlənilmədən dənizin səviyyəsi qalxmağa başladı”, – deyə ekpert əlavə edib.
R.Abbasov vurğulayıb ki, bu il Xəzər dənizinin səviyyəsinin aşağı düşmə prosesi dayana bilər: “1995-ci ildə Xəzər dənizinin səviyyəsi özünün pik həddinə çatıb. O vaxtdan bəri xırda istisnalar olmaqla, Xəzər dənizinin səviyyəsi yenə azalır. Yəni özünün minimum səviyyəsinə yaxınlaşmaqdadır. Proqnozlar göstərir ki, Xəzər dənizinin quruması indiki iqlim dəyişmələri fonunda davam edəcək. Hətta Xəzər dənizi -33 metrə qədər quruya bilər. Lakin bunu da qeyd etmək istəyirəm ki, Xəzər dənizinə həsr olunmuş proqnozlar heç vaxt özünü doğrultmayıb. Bu il biz Xəzərə tökülən bəzi çayların hövzələrində çox güclü yağıntıların yağmasını müşahidə etdik. Volqa, Ural çaylarında daşqınlar baş verir. Yəni olar bilər ki, bu il Xəzər dənizinin səviyyəsinin aşağı düşmə prosesi zəifləsin və ya dayansın”.