image-1backend

Yeni Qanun siyasi sistemi daha da təkmilləşdirilməsinə xidmət edəcək

image-reklam_sirab_01

Məlumdur ki, Azərbaycanda “Siyasi partiyalar haqqında” Qanun ilk dəfə 31 il əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilib. Bu Qanun həmin dövrün tələblərinə uyğun olsa da, qəbulundan ötən bu illər ərzində sürətlə dəyişən Azərbaycanın yeni siyasi tələblərinə artıq cavab vermir. Ona görə də “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbuluna ciddi zərurət yaranmışdı. Bu mənada, “Siyasi partiyalar haqqında” yeni Qanun həm formalaşan yeni siyasi tələblərə uyğundur, həm də qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsini real hadisəyə çevirir.

Hələ bir müddət öncə Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişdilər.  Məhz bundan sonra Venesiya Komissiyasının rəy və qərarları, 24 ölkənin təcrübəsi, 47 siyasi partiyanın 250-dən çox, deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif əsasında hazırlanmış “Siyasi partiyalar haqqında” Qanun layihəsi rəy və təkliflərin bildirilməsi üçün Mili Məclisin saytında yerləşdirildi, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ictimai rəy sorğusu keçirildi, sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə iki ictimai dinləmə təşkil edildi.

Qanun layihəsinə məhz həmin dinləmələrdən sonra 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə 40-dək əlavə və dəyişikliklər edildi. Qeyd edilməlidir ki, Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb. Qanun yaradıcılığı prosesində yalnız deputatlar deyil, siyasi partiyaların nümayəndələrinin, ictimaiyyətçilərin də iştirakı da onu göstərir ki, “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi və sosial-ictimai zərurət olaraq ərsəyə gəlib.

“Siyasi partiyalar haqqında” Qanun layihəsi həm də sosial şəbəkələrdə də geniş şəkildə müzakirə olunub, bir çox statuslar yazılıb, rəylər bildirilib. Bu zaman yalnız radikal müxalifət nümayəndələri aqressiv, dağıdıcı, düşmən münasibəti ortaya qoyublar və süni ictimai narazılıq mühiti formalaşdırmağa cəhdlər ediblər. Qanun layihəsi ilə bağlı cəmiyyətin ictimai-siyasi kəsiminin müsbət rəyinə baxmayaraq, radikallar bu dəfə də yalnız qaralama, ləkələmə metoduna üstünlük veriblər. Bu da səbəbsiz deyil. Çünki “Siyasi partiyalar haqqında” yeni Qanunun tələblərinə görə radikal müxalifət nümayəndələri partiya olaraq özlərini təsdiq edə bilməyəcəklər.  Məsələn, “Siyasi partiyalar haqqında” yeni Qanunda göstərilir ki, siyasi partiyalar hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edə bilməz. Yaxud da ki, siyasi partiyalar qanunun tələbinə uyğun olaraq 5000 üzv sayını təmin etməlidir. Radikal müxalifət reyestr üçün tələb olunan sayı təmin etmək gücündə deyil. Sosial bazalarının olmaması səbəbindən onların təşkil etdiyi aksiyalara gələnlərin sayı da buna açıq süburdur.

Yeni qanunla siyasi partiyaların beynəlxalq təşkilatlar, xarici dövlətlər, xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən maliyyələşdirilməsi də qadağandır. Bəs, görəsən radikal müxalifət bu maddələrlə bağlı nə edə biləcək? Axı, hər kəs bilir ki, onların maliyyəsi xarici mənbələr hesabına formalaşır, bu da  artıq faktlarla sübut edilib.

Həmçinin, yeni qanunla siyasi partiyaların fəaliyyəti əsasən seçkilərdə iştirakla bağlı olacaq. Ölkədəki radikal müxalifət isə seçkilər zamanı “boykot”la özünü sığortalamağa çalışır.   Bir sözlə, “Siyasi partiyalar haqqında” yeni Qanun beynəlxalq standartlara cavab verir, siyasi partiyaların şəffaf və təkmilləşdirilmiş formada həyata keçirməsinə əlverişli şərait yaradır. Bu qanun həm də ölkənin siyasi sistemini təkmilləşdirməklə yanaşı onu xarici təsirlərdən qoruyur, aqressiv, dağıdıcı, radikallar elementlərin formalaşan siyasi konfiqurasiyaya müdaxiləsinə imkan vermir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

image-israfil-kerimov-9
????????????????????????????????????

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki