image-download-1backend

Zəfər yazan müzəffər Azərbaycan Silahlı Qüvvələri!

image-reklam_sirab_01

Türk xalqları digər xalqlardan döyüşkənliyi, mübarizə əzmi və hərb elminin sirlərinə yaxından bələd olması ilə seçilir. Hər bir xalq öz cəmiyyətinin yeni fərdlərinə müxtəlif xüsusiyyətlər aşılayır. Spartalılar döyüşkənkiyi, çinlilər loyallığı, yaponlar əməkdaşlığı, amerikalılar sahibkarlığı, Azərbaycan xalqı isə hələ ta qədimdən mübarizliyi aşılayır. Bu özünü şifahi xalq ədəbiyyatında, yazılı ədəbiyyatda, adət və ənənələrimizdə də göstərir. Qədim mədəni abidəmiz “Avesta”da da ilk mübarizə motivlərini görə bilərik. Xeyirlə Şərin mübarizəsi fonunda sonda Xeyirin qələbəsi türk xalqlarının haqq, ədalətə olan inamını göstərir.

Tarixən ən münbit, əlverişli və məhsuldar ərazilərdə yaşayan türk xalqlarının məskənləri yadellilər tərəfindən hücuma, təcavüzə məruz qalmışdır. Bu səbəblə də türklər daim döyüşlərdə olmuş, hələ uşaq yaşında qılınc tutmağı, at çapmağı, ox atmağı öyrənmişdir. Türk qadınları da döyüşdə ərənlərdən geri qalmamış, vətənin dar anında qılınca, oxa qurşanmışdır. Bu səbəblə də türk xalqlarının özləri qədər qədim olan tarixi ordu quruculuğu ənənələri ilə zəngindir.

Müasir elm və texnologiyanın inkişafı ordu quruculuğunda da yeniliklərə səbəb olmuşdur. Yeni silah-sursat, hərbi texnikaların hazırlanması yeni reallıqları da özü ilə bərabər gətirmişdir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.

Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. Istedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.

Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi.

AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Bu ağır işin öhdəsindən bu gün də böyük qəhrəmanlıqla gələn igid oğullarımız xalqımızın qürur mənbəyidir. Birinci və İkinci Qarabağ müharibəsi, həmçinin Vətən müharibəsi dövründə düşmənə türkün gücünü, qüdrətini göstərən mərd vətən oğulları tarixə silinməz Zəfər tarixini həkk etdirdilər.

Güclü ordu güclü başçının əməyinin məhsuludur. Azərbaycan Silahlı Qüvvələri öz gücünü müzəffər Ali Baş Komandan İlham Əliyevin gücündən alır. Dəmir yumruq ətrafında birləşən igidlər rəhbər və ordunun birgə gücünü dünyaya nümayiş etdirir. Son illərə nəzər saldığımız zaman ordumuzun yazdığı Zəfər tarixinə bənzər hadisələr görmək mümkün deyildir. Bu səbəblə Azərbaycan Silahlı Qüvvələrini XXI əsrin ordusu adlandırmaq məqbul olardı.

Silahlı qüvvələrin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edirik.

Şəmilova Dünya Mərdan

Azərbaycan Dillər Universiteti

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki