Zəngəzur dəhlizinin açılması
Zəngilan Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə, Bakı-Culfa-Naxçıvan əsas dəmir yolları və magistral yollarının üzərində yerləşir. Rayon 1993-cü ildə oktyabrın 29-da təcavüzkar Ermənistan dövləti tərəfindən işğal olunmuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun 2020-ci il 27 sentyabrda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri, eləcə də Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz strateji yüksəkliyi, bundan başqa Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik, 52 kənd düşməndən azad olundu. Qələbədən sonra həmin bölgələrin inkişafı üçün bütün imkanlarımız – siyasi iradə, xalqın dəstəyi, maliyyə resurslarımız olduğuna görə azad olunmuş torpaqların bərpası və yenidənqurulması, Qarabağın cənnətə çevrilməsi qarşıya bir məqsəd olaraq qoyuldu. Bu, həm də strateji hədəf kimi müəyyən edildi.Vətən müharibəsində qazanılan Zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda çox işlər görülür. Demək olar ki, yerlə bir edilmiş bölgə gözümüzün önündə bərpa olunur. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində önəmli yer tutacaq.Qısa müddət ərzində üç hava limanı və dəmir yolunun birləşdirilməsi işlərinə də başlanıldı. Erməni işğalı tərəfindən coğrafi mövqeyi nəzərə alınmaqla tamamilə məhv edilən Zəngilan əhəmiyyətli bir regional nəqliyyat -logistika mərkəzi rolunu oynaya bilər. Qeyri-enerji sektoruna və biznesə daha çox investor cəlb etmək imkanları hər keçən gün artır.
7 iyul 2021-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzaladı. İqtisadi rayonlar bütövlükdə bölgənin və seçilmiş coğrafiyanın iqtisadi inkişafı baxımından vacibdir. Dövlət proqramları hazırlanan zaman isə iqtisadi rayonlarla bağlı daha ünvanlı proqramlar həyata keçirmək mümkün olur. Zəngilan rayonu da Şərqi Zəngəzur iqtisadi rayonun tərkibindədir. Bu iqtisadi rayon təbii ehtiyatlarla zəngin olan ərazimizdir. Orada qızıl, mis, inşaat materialları, dəmir ehtiyatları var. Bu ehtiyatlar nəticə etibarilə həmin ərazilərimizdə yeni istehsal sahələrinin, xüsusən də sənaye müəssisələrinin yaradılmasına imkan verəcək. Digər vacib məqamlardan biri Şərqi Zəngəzurun artıq müzakirə olunan və gələcəkdə formalaşdırılacaq Zəngəzur dəhlizinə çıxışı imkanlarıdır. Bildiyiniz kimi, Zəngəzur dəhlizi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını (Ordubad rayonunu) birləşdirəcək. Bu da həm Zəngəzur dəhlizindən istifadə etmək imkanı, həm də Zəngəzur dəhlizi vasitəsi ilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunmasına imkan verəcək. Bu, nəqliyyat və logistik imkanlar baxımından vacibdir.
Əhmədova Cavahir, YAP-ın üzvü