Ağstafa rayon Şəhidlər Xiyabanında keçirilən ümumrayon tədbirində RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, idarə, müəssisə və təşkilat kollektivləri, hərbi hissələrdən əsgər, zabit heyəti və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə yaradılmış memorial abidə kompleksi önünə əklil qoyulub, şəhid məzarları üzərinə gül-çiçək dəstələri düzülüb. Ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olan şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla anılıb.
Seymur Orucov çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun bölmələrinin Azərbaycana qarşı həyata keçirtdiyi hərbi təcavüzdən söz açaraq bildirib ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Şəhidlərin xatirəsi əbədiləşdirilmiş, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilmişdir. Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə həm də 20 Yanvar şəhidlərinin qanı yerdə qalmadı.
Ölkə ərazisində olduğu kimi Ağstafada da Bakı vaxtı ilə saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!