ABŞ-da yaşayan azərbaycanlı məktəbli Əlixan Kərim beynəlxalq reytinqli şahmat yarışının qalibi olub.
Veteninfo.az xəbər verir ki, 11 yaşlı şahmatçı yaşadığı Virciniya ştatında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkil otdiyi turnirlərə qatılıb. İlk dəfə iştirak etdiyi yarışda o, yaşıdları arasında xüsusi bacarığı ilə seçilərək birinci yeri tutub. Gənc istedad bu növ üzrə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində bu il 52-ci dəfə keçirilən, 15 ölkədən 100-dək şahmatçı qatıldığı beynəlxalq şahmat turnirində də hamını üstələyib.
Ə.Kərimin atası Elman Kərimov “Report”a açıqlamasında gənc şahmatçının bu idman növünə olan böyük sevgisindən və qısa müddətdə qazandığı uğurlarından danışıb: “Əlixan 2011-ci ildə Bakıda dünyaya gəlib. 2016-cı ildən ABŞ-da yaşayırıq. O, hazırda Virciniya ştatında xüsusi istedada malik uşaqların təhsil aldığı Mozaika İbtidai Məktəbində (“Mosaic Elementary School”) oxuyur. Şahmata babasının təkidi ilə həvəskar kimi başlamıştı. Lakin bir müddət keçəndən sonra onun şahmata bağlılığı daha da artmağa başladı. Əlixan 4 aydır peşəkar səviyyədə bu idman növü ilə məşğul olur. Qısa zaman ərzində o, iki beynəlxaq yarışda birincilik əldə edib”.
E.Kərimovun sözlərinə görə, son turnirdə bir çox ölkədən şahmatçı olsa da, oğlu bütün rəqiblərindən fərqlənməyi bacarıb. Bu isə ABŞ-da yaşayan həmvənlərimiz tərəfindən böyük rəğbətlə qarşılanıb: “Əlixan Vətənimiz Azərbaycandan uzaqda böyüsə də, yarışlarda ölkəmizi təmsil edir. İndi oğlumu daha böyük yarışlar gözləyir. Onun uğurları bizi çox sevindirir və əminliklə deyə bilərəm ki, Əlixanın səsini şahmat üzrə beynəlxalq turnirlərdə hələ çox eşidəcəyik”.