“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix komanda yoldaşı Camal Musialanın səhhəti ilə bağlı məsələnin ictimai müzakirəyə çıxarılmasını və futbolçuya münasibəti tənqid edib.
Vətəninfo.az xəbər verir ki, Musialanın nevroloji problemi və bununla əlaqədar yaşadığı tutmalar onun oyun performansı ilə yanaşı, klubdakı gələcəyi və müqaviləsi ətrafında da müzakirələrə səbəb olub.
Kimmix məsələnin ictimaiyyətə bu formada təqdim edilməsindən narazılığını ifadə edib.
“Bu məsələnin ictimaiyyətə bu şəkildə çatdırılmasını anlamıram. Klub hər zaman ön planda olmalıdır, amma heç vaxt bir insanın üzərinə yük qoyulmamalıdır. Bu, tamamilə qəbuledilməzdir və “Bayern”ə yaraşmaz”, – deyə futbolçu bildirib.
Məlumata əsasən, “Bayern” rəhbərliyi Musialanın agentləri ilə görüşərək futbolçunun səhhəti ilə bağlı məsələnin ilk dəfə 2025-ci ilin aprelində, müqaviləsinin uzadılmasından iki ay sonra araşdırıldığını təsdiqləyib. Musiala isə diaqnozunu ötən ilin avqustunda ictimaiyyətə açıqlayıb.
Futbolçu mövsümün əvvəlində dərman preparatının dəyişdirilməsindən sonra yaranan problemlər səbəbindən bir müddət istirahət edib. Əzələ zədəsi də onun bir neçə oyunu buraxmasına səbəb olub.
Musiala son olaraq “Lill”lə UEFA Çempionlar Liqası matçında meydana çıxıb. “Bayern”in 1:2 hesabı ilə məğlub olduğu görüşdə o, 76-cı dəqiqədə oyuna daxil olub.
Kimmixin açıqlaması futbolçunun səhhəti ilə bağlı məsələlərin ictimai müzakirəsi və klubun oyunçulara münasibəti ətrafında yeni müzakirələrə yol açıb.


























