ABŞ ordusu Ayova ştatında yerləşən müdafiə sənayesi müəssisəsində 4,5 ton qurğuşun azidini nəzarətli partlayış yolu ilə məhv edib. Təhlükəli kimyəvi birləşmənin zərərsizləşdirilməsi üçün xüsusi təhlükəsizlik tədbirləri həyata keçirilib.
Vətəninfo.az xəbər verir ki, Associated Press (AP) agentliyinin noyabrın 25-də yaydığı məlumata görə, əməliyyat Middletown şəhərində yerləşən müdafiə zavodunun ərazisində baş tutub.
Məlumata əsasən, ümumilikdə 4,5 min kiloqram qurğuşun azidi iki xüsusi bunkerdə saxlanılıb. Partlayışın təsirini azaltmaq və təhlükəsizliyi təmin etmək məqsədilə bunkerlərin ətrafında torpaq bəndlər qurulub, konstruksiyalar isə xüsusi köpük və su ilə doldurulub.
Rəsmilərin bildirdiyinə görə, görülən tədbirlər partlayış enerjisinin əhəmiyyətli hissəsinin udulmasına imkan verib.
Əməliyyat zamanı ərazidə güclü partlayış səsi eşidilib. Hadisə şahidlərinin sözlərinə görə, partlayışdan dərhal sonra səmaya iki böyük ağ tüstü buludu yüksəlib və qısa müddət ərzində dağılıb.
Qeyd edək ki, qurğuşun azidi yüksək həssaslığa malik partlayıcı maddədir. Ondan əsasən detonatorların və digər partlayıcı qurğuların hazırlanmasında istifadə olunur. Maddə həm partlayıcı xüsusiyyətlərinə, həm də qurğuşun tərkibli olduğuna görə ciddi təhlükə yaradır.
Yerli hakimiyyət orqanları əməliyyatla əlaqədar sakinlərə təhlükəsizlik məqsədilə qapalı məkanlarda qalmaları barədə xəbərdarlıq ediblər. Buna baxmayaraq, bəzi sakinlər baş verən hadisəni izləmək üçün küçələrə çıxıblar.
ABŞ ordusunun həyata keçirdiyi əməliyyat təhlükəli partlayıcı maddələrin saxlanması və məhv edilməsi zamanı xüsusi təhlükəsizlik tədbirlərinin əhəmiyyətini bir daha gündəmə gətirib.


























