image-reklam-veteninfo
image-1backend

Ukraynada kriptovalyuta leqallaşdırılır: gəlirlərdən 23 faiz vergi tutulacaq

image-reklam-veteninfo

Ukrayna Ali Radası ölkədə kriptovalyuta bazarının tənzimlənməsi və virtual aktivlərdən əldə edilən gəlirlərin vergiyə cəlb olunması ilə bağlı qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Vətəninfo.az UNIAN-a istinadən xəbər verir ki, noyabrın 25-də keçirilən səsvermədə 271 deputat qanun layihəsinin lehinə səs verib. Sənədin 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Qanuna əsasən, fiziki şəxslər kriptovalyuta əməliyyatlarından əldə etdikləri xalis mənfəətin 23 faizini vergi kimi ödəyəcəklər. Bu məbləğin 18 faizi gəlir vergisi, 5 faizi isə hərbi rüsum olacaq.

Vergi kriptovalyutanın satışından əldə edilən məbləğlə onun alınmasına çəkilən xərc arasındakı fərq əsasında hesablanacaq. İllik əməliyyatlar nəticəsində zərər yaranarsa, həmin məbləğ sonrakı vergi dövrlərinə keçirilə və gələcək mənfəət hesabına kompensasiya edilə biləcək.

Qanun qüvvəyə minməzdən əvvəl əldə edilmiş kriptovalyutalar üçün isə güzəştli vergi rejimi tətbiq olunacaq. Belə ki, 2028-ci ilin sonunadək bu aktivlərin satışından əldə edilən mənfəətə 5 faiz gəlir vergisi və 5 faiz hərbi rüsum olmaqla, ümumilikdə 10 faiz vergi tətbiq ediləcək. Sonrakı dövrdə isə standart 23 faizlik vergi dərəcəsi qüvvədə olacaq.

Bununla yanaşı, bir virtual aktivin digərinə dəyişdirilməsi əməliyyatları vergidən azad ediləcək. Həmçinin, minimum əməkhaqqı məbləği həddində virtual aktivlərin satışından əldə edilən gəlirlərə də vergi güzəşti nəzərdə tutulur.

Qanuna əsasən, kriptovalyuta sahibləri əldə etdikləri gəlirləri özləri bəyan etməli və müvafiq vergiləri ödəməlidirlər. Bu əməliyyatlar üzrə vergi agenti nəzərdə tutulmur.

Kriptovalyuta bazarına nəzarət Ukrayna Milli Qiymətli Kağızlar və Fond Bazarı Komissiyası ilə Milli Bank arasında bölüşdürüləcək. Qiymətli Kağızlar və Fond Bazarı Komissiyası şirkətlərin lisenziyalaşdırılması, platformaların fəaliyyətinə nəzarət və bazar iştirakçılarının tənzimlənməsinə cavabdeh olacaq. Milli Bank isə rəqəmsal aktivlərin qrivnaya və bank sisteminə təsirini izləyəcək.

Deputat Yaroslav Jeleznyakın sözlərinə görə, qanunun tətbiqi nəticəsində dövlət büdcəsinə əlavə 15 milyard qrivna vəsait daxil ola bilər. Bu məbləğ 25 noyabr 2026-cı il tarixindəki məzənnə ilə təxminən 562 milyon Azərbaycan manatına bərabərdir.

Qeyd edək ki, Ukrayna parlamenti kriptovalyuta bazarının leqallaşdırılması ilə bağlı qanun layihəsini 2025-ci ilin sentyabrında birinci oxunuşda qəbul etmişdi. Yeni qanun ölkədə virtual aktivlərin hüquqi statusunun müəyyənləşdirilməsini, onların dövriyyəsinin tənzimlənməsini və dövlət nəzarətinin gücləndirilməsini hədəfləyir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki