image-reklam-veteninfo
image-1backend

Arıqlamaq döş xərçəngi müayinəsini çaşdıra bilər: GLP-1 dərmanları ilə bağlı yeni elmi nəticə

image-reklam-veteninfo

GLP-1 qrupuna aid arıqlama dərmanları ilə əhəmiyyətli çəki itkisi qadınlarda mammoqrafiyanın nəticələrini dəyişdirə və əlavə müayinələrə ehtiyac yarada bilər.

Vətəninfo.az “Medical Xpress”ə istinadən xəbər verir ki, bu barədə Şimali Amerika Radiologiya Cəmiyyətinin (RSNA) illik toplantısında təqdim olunan yeni tədqiqatda bildirilib.

Araşdırmada ən azı bir il ərzində GLP-1 reseptor agonistləri qəbul edərək arıqlayan 34-79 yaş arası 107 qadının tibbi məlumatları təhlil olunub. İştirakçılar orta hesabla 18,1 kiloqram çəki itiriblər. Alimlər onların müalicədən əvvəl və ən azı bir il sonrakı mammoqrafiya nəticələrini müqayisə ediblər.

Nəticələrə görə, avtomatlaşdırılmış qiymətləndirmə məlumatları mövcud olan 104 qadından 65-də BI-RADS təsnifatına əsasən döş toxumasının sıxlığı ən azı bir kateqoriya artıb. Çəki itkisi nə qədər çox olubsa, bu dəyişiklik də bir o qədər nəzərəçarpan olub. Səkkiz qadında isə sıxlıq eyni vaxtda iki kateqoriya üzrə yüksəlib.

Tədqiqatçılar hesab edirlər ki, bu dəyişikliklərin əsas səbəbi arıqlama zamanı döşlərdəki yağ toxumasının azalması ola bilər. Nəticədə vəzili və birləşdirici toxumalar mammoqrafiya görüntülərində daha sıx görünür. Bu isə mütləq həmin toxumaların həqiqi həcminin artması demək deyil.

Araşdırmada iştirakçıların 57,9-78,5 faizində döş ölçüsünün azaldığı, 9,3-17,8 faizində isə dəri qalınlaşmasının müşahidə edildiyi bildirilib.

Diqqətçəkən məqamlardan biri də əlavə müayinələrə ehtiyacın artmasıdır. Mammoqrafiyadan sonra 24 qadına – iştirakçıların 22,4 faizinə təkrar müayinə tövsiyə olunub. Bu göstərici ABŞ-da mammoqrafiya müayinələri üzrə orta təkrar çağırılma səviyyəsindən (təxminən 10 faiz) iki dəfədən çoxdur.

Dörd qadına biopsiya məsləhət görülüb. Lakin aparılan biopsiyaların nəticələri xoşxassəli dəyişikliklər göstərib. Digər əlavə müayinələrdə də xərçəng aşkarlanmayıb.

Tədqiqatın aparıcı müəllifi, Bostondakı Brigham və Qadın Xəstəxanasının radioloqu Eva Qombos bildirib ki, əhəmiyyətli çəki itkisi döşlərin quruluşunu və formasını dəyişə bilər. Bu dəyişikliklər görüntülərdə əlavə araşdırma tələb edən asimmetriyaların və digər xüsusiyyətlərin yaranmasına səbəb ola bilər.

Alimlər xüsusi olaraq vurğulayırlar ki, mammoqrafiyada döş toxumasının sıxlığının artması avtomatik olaraq xərçəng riskinin yüksəlməsi kimi qiymətləndirilməməlidir. Bu, yağ toxumasının azalması nəticəsində qalan toxumaların görüntüdə daha qabarıq görünməsi ilə əlaqəli ola bilər. Dəyişikliklərin uzunmüddətli təsirləri isə hələ tam aydın deyil və əlavə araşdırmalara ehtiyac var.

Tədqiqatçılar əldə olunan nəticələrə əsasən GLP-1 dərmanlarının qəbulunu dayandırmağı tövsiyə etmirlər. Bununla belə, qadınlara döş xərçənginin vaxtında aşkarlanması üçün müntəzəm müayinələrdən keçmək, həkim və radioloqları qəbul etdikləri dərmanlar və əhəmiyyətli çəki itkisi barədə məlumatlandırmaq məsləhət görülür.

Mütəxəssislərin fikrincə, bu məlumatlar mammoqrafiya nəticələrinin daha düzgün şərh edilməsinə və əvvəlki müayinələrlə müqayisənin dəqiqləşdirilməsinə kömək edə bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki