İrana qonşu ölkələrdən birindən böyük həcmdə ABŞ dolları əskinasları gətirilib. Bu addım ölkənin valyuta bazarında təklifin artırılması və dolların məzənnəsinin aşağı salınması siyasəti çərçivəsində atılıb.
Vətəninfo.az “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, İran Mərkəzi Bankı valyuta bazarını sabitləşdirmək məqsədilə bazara böyük həcmdə dollar çıxarmağa hazırlaşır.
Qeyd edək ki, İran Mərkəzi Bankının rəhbəri daha əvvəl ölkədə müraciət edən şəxslərə satılması üçün ümumilikdə 2 milyard dollar ayrıldığını açıqlamışdı. Həmin qərara əsasən, hər bir müraciətçi maksimum 10 min dollar ala bilərdi. Sonradan ayrılan valyutanın həcminin 3 milyard dollara çatdırıldığı bildirilib.
Agentlik vurğulayır ki, İran Mərkəzi Bankının valyuta ehtiyatları rəsmi açıqlamalara görə, qənaətbəxş səviyyədədir. Bazara dolların davamlı şəkildə çıxarılmasının valyutaya olan tələbi qarşılamağa və dolların məzənnəsini aşağı salmağa kömək edəcəyi gözlənilir.
Bununla belə, dolların məzənnəsinə bu addımın real təsiri bazara çıxarılan vəsaitin həcmi, valyutaya tələb və ölkədəki iqtisadi vəziyyətdən asılı olacaq.


























