image-reklam-veteninfo
image-1backend

Yango sürücüləri şirkətdən şikayətçidir: Ödənişlər ayda bir dəfə veriləcək?  

image-reklam-veteninfo

Azərbaycanda taksi xidmətləri ilə bağlı narazılıqlar artmaqda davam edir. Xüsusilə ölkənin əsas taksi platformalarından olan “Bolt” və “Yango” şirkətlərinin qiymət siyasəti, eləcə də sürücülərlə münasibətləri müzakirə mövzusuna çevrilib.

Son günlər bu platformalarda çalışan sürücülər də narazılıqlarını açıq şəkildə ifadə etməyə başlayıblar. Redaksiyamıza müraciət edən bir qrup sürücü “Yango” şirkəti tərəfindən haqsızlığa məruz qaldıqlarını iddia edir.

Sürücülərin sözlərinə görə, əvvəllər onlayn ödənişlərdən əldə etdikləri vəsaiti hər həftə ala bilirdilər. Lakin noyabrın 1-dən etibarən şirkət həmin ödənişlərin ayda yalnız bir dəfə həyata keçiriləcəyini bildirib.

Şikayətçilər qeyd edirlər ki, bu dəyişiklik nəticəsində ay ərzində onların hesabına köçürülən vəsait şirkətin balansında qalır. Sürücülər isə gündəlik xərclərini qarşılamaqda çətinlik çəkirlər.

“Bu, bizim üçün ciddi problemdir. Biz işləyib qazandığımız pulun bir ay sonra ödənilməsini gözləməli oluruq. Halbuki hər gün yanacağa pul xərcləyirik, avtomobilin texniki baxımını həyata keçirməliyik. Bu xərcləri qarşılamaq üçün vəsaitə ehtiyacımız var. Şirkət isə vəziyyətimizi nəzərə almır”, – deyə sürücülər redaksiyamıza bildiriblər.

Sürücülər hesab edirlər ki, ödənişlərin verilmə müddətinin dəyişdirilməsi onların maddi vəziyyətinə mənfi təsir göstərir və şirkət bu qərarın səbəblərini ətraflı izah etməlidir.

Məsələ ilə bağlı “Yango” şirkətinin mövqeyini öyrənməyə çalışdıq. Lakin redaksiyamızın şirkətlə əlaqə saxlamaq cəhdləri nəticəsiz qaldı. Göndərdiyimiz sorğuya da gün ərzində cavab verilmədi.

Şirkətin mövqeyi açıqlanacağı təqdirdə dərc etməyə hazırıq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki