ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin başa çatdırılması üçün konkret vaxt çərçivəsinin müəyyən edilmədiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Tramp bu barədə “The New York Post” qəzetinə müsahibəsində danışıb.
Amerika lideri münaqişənin mümkün qədər tez başa çatmasını istədiyini, lakin bunun üçün hər iki tərəfin razılığının vacib olduğunu vurğulayıb.
“Mənim son tarixim yoxdur. Sadəcə, bunun (münaqişənin) bitməsini istəyirəm. Kaş ki, bu gün olsaydı, amma tanqo üçün iki nəfər lazımdır. Görək necə olacaq”, – deyə Tramp bildirib.
Müsahibə zamanı jurnalistlər ABŞ-ın danışıqlar aparan nümayəndələrinin Moskva və Kiyev arasında sülh sazişinin yanvar ayına qədər imzalanmasını istədiyi barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasını da xatırladıblar.
Tramp bu iddiaya gülərək münasibət bildirib və “Bunu kim deyib? O, məndən nə istəyir?” suallarını ünvanlayıb.
Digər tərəfdən, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti danışıqların tarixinin hələ müəyyənləşdirilmədiyini açıqlayıb.
Peskovun sözlərinə görə, Rusiya tərəfi Ukrayna ilə bağlı danışıqların Əbu-Dabidə davam etdirilməsinin vacibliyini anlayır.


























