Bakının Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının zalında kişi və qadın ağırlıqqaldıranlar arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Veteninfo.az-ın məlumatına görə, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti İnam Kərimov iştirak ediblər.
Ç.Hüseynzadə bu gün hamı üçün bayram olduğunu söyləyib: “Müəyyən fasilədən sonra ağırlıqqaldırma üzrə yarış təklif olunur. Bu fasilə pandemiya səbəbindən baş vermişdi. Son vaxtlar Azərbaycanda bütün idman növlərində vəziyyət yaxşılaşıb. Müxtəlif federasiyalarda yeni rəhbərlər müəyyənləşib. Bu, AAAF-ın yeni rəhbərliyi ilə ilk yarışdır. İnanıram ki, ağırlıqqaldırma yenidən ölkəmizdə qabaqcıl idman növlərindən biri olacaq. Bu il Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları gerçəkləşəcək. Həmin yarışda bu idman növündə yüksək səviyyədə təmsil olunmaq istəyirik. Bütün idmançılara uğurlar arzulayıram. Hamını bugünkü bayram münasibəti ilə hamını təbrik edirəm”.
İ.Kərimov iki illik fasilədən sonra yenidən ölkə çempionatının bərpa olunduğunu bildirib: “Dövlətimiz yaratdığı tədbirlər nəticəsində artıq yarışlarımızı bərpa edirik. Bu turnirlər idmançılar qarşısında böyük imkanlar yaradır. Ağırlıqqaldırma Azərbaycanda idmanın əsas sahələrindən biridir. Daha böyük gözləntilərimiz var. Bunlardan ən əsası, bu sahəyə yeni nəsil idmançıları cəlb etməkdir. Hər bir idmançıya Azərbaycan çempionatında uğurlar arzu edirəm. Hesab edirəm ki, buradan başlayan estafet dünya arenalarında davam edəcək və beynəlxalq yarışlarda himnimiz səslənəcək”.
Daha sonra Ç.Hüseynzadə, A.Əliyev və İ.Kərimov qadınların yarışında medal qazanan ağırlıqqaldıranları mükafatlandırıb.
Qeyd edək ki, bu gün start götürən yarışa aprelin 10-da yekun vurulacaq.