Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa RİH başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Pirili kənd tam orta məktəbində təşkil olunan növbəti səyyar qəbulda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti qurumların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
RİH başçısı çıxışında qeyd edib ki, səyyar görüşlərin məqsədi sakinləri yerlərdə narahat edən məsələləri ətraflı araşdırmaq, onların operativ həllinə nail olmaq, vətəndaş məmnunluğunu artırmaq, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət etməkdən ibarətdir. Vətəndaşlar həmçinin “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla Ağstafa Rayon İcra Hakimiyyətinə müraciətlərini göndərə bilərlər.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Eyni zamanda, Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülüb.