Bu gün İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Tehranın Qərbi Asiyada formalaşan yeni geosiyasi nizamın əsas iştirakçılarından biri olduğunu bəyan edib.
Vətəninfo.az xəbər verir ki, Vilayəti “X” hesabındakı paylaşımında bildirib ki, İran Fars körfəzi, Mərkəzi Asiya, Qafqaz və Oman dənizini birləşdirən strateji körpü rolunu oynayır. Onun sözlərinə görə, İrandan yan keçməklə yaradılacaq istənilən enerji və ya tranzit dəhlizi ya həddindən artıq baha başa gələcək, ya da qeyri-sabit olacaq: “Ya kollektiv təhlükəsizliyə nail olunacaq, ya da hamı kollektiv qeyri-təhlükəsizliklə üzləşəcək”.
Vilayətinin fikrincə, Qərbi Asiyada baş verən geosiyasi dəyişikliklər həm İsraildə, həm də ABŞ-də siyasi və seçki proseslərinə təsir göstərib. O, İranın artıq regional nizamın əsas memarlarından birinə çevrildiyini və bu reallığın nə aradan qaldırıla, nə də başqa bir qüvvə ilə əvəz edilə biləcəyini vurğulayıb.


























