Çin Hörmüz boğazında gəmiçiliyin bərpası və sərbəst hərəkətin təmin olunması məqsədilə İran və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır.
Vətəninfo.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin açıqlama verib.
Onun sözlərinə görə, Pekin Hörmüz boğazının açılması ilə bağlı etibarlı və hərtərəfli həll yolunun hazırlanmasına töhfə vermək niyyətindədir.
“Çin bundan sonra da Sədr Si Cinpin tərəfindən Yaxın Şərqdə sülh və təhlükəsizliyin təşviqi məqsədilə irəli sürülmüş təşəbbüs və təklifləri rəhbər tutacaq. Biz obyektiv və ədalətli mövqeyə sadiq qalacaq, İran və ABŞ arasında fikir ayrılıqlarının danışıqlar yolu ilə həllini dəstəkləyəcək, Yəmən probleminin siyasi həllinə kömək edəcək və Hörmüz boğazının açılması ilə bağlı etibarlı, hərtərəfli həll yolunun hazırlanmasına töhfə verəcəyik”, – deyə Mao Nin bildirib.
Çin XİN-in sözçüsü vurğulayıb ki, hazırda əsas vəzifə Yaxın Şərqdə hərbi əməliyyatların yenidən başlamasının qarşısını almaqdır.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarətinin əsas strateji marşrutlarından biridir. Bu ərazidə gəmiçiliyin məhdudlaşdırılması beynəlxalq neft və qaz bazarlarına ciddi təsir göstərə bilər.


























