Tədbir “Ağstafa Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin iclas zalında keçirilib və Ağstafa RİH başçısı Seymur Orucov, publik hüquqi şəxsin baş direktoru Səyyad Yusifov, tibb işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək dahi rəhbərin xatirəsi dərin ehtiramla anılıb.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan RİH başçısı tibb işçilərini təbrik edərək bildirib ki, ulu öndər Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, təsis olunan “17-iyun Tibb İşçilərinin Peşə Bayramı Günü” ümumilikdə ölkə səhiyyəsinə və bu sahədə çalışan hər bir əməkdaşa göstərilən yüksək diqqət və qayğının təzahürüdür. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ən nəcib peşə sahibləri olan tibb işçiləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunur, onlara hər cür hörmət və ehtiram göstərilir. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, vətəndaşların pulsuz dərman vasitələri və preparatları ilə təmin olunması, onların müalicəsi, uşaqların bütün tibbi xidmətlərlə əhatə olunması əhalinin milli səhiyyəmizə olan inamını getdikcə artırır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə diabetli, talassemiyalı xəstələrə göstərilən qayğı və onların müalicəsi, o cümlədən mütəmadi olaraq Ağstafa rayonunda da təşkil olunan qanvermə aksiyaları, ana və uşaqların sağlamlığının qorunması məqsədi ilə icra olunan zəruri tədbirlər vətəndaşlarımızda böyük rəğbət doğurur.
Digər natiqlər – baş direktor Səyyad Yusifov, səhiyyə işçiləri Aysel İsgəndərova, Nərmin Vəliyeva və Gülnar Aslanova səhiyyə sahəsinə və tibb işçilərinə göstərilən yüksək dövlət qayğısından, əhalinin sağlamlığının təminatına, ölkənin səhiyyə sisteminin dünya standartları səviyyəsində qurulmasına hesablanan islahatlardan, kadr potensialının gücləndirilməsi, infrastrukturun yenilənməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi isiqamətində görülən işlərdən bəhs ediblər.
Peşə bayramı günündə rayonun səhiyyə sahəsindəki fəaliyyətlərində fərqləndiklərinə görə bir qrup tibb işçisi Ağstafa Rayon İcra Hakimiyyətinin və “Ağstafa Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Fəxri Fərmanları, eyni zamanda, hədiyyələrlə təltif olunublar. Təltif olunanlar, tibb işçilərinə dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.