“Gənclərin Töhfəsi” İctimai Birliyinin Gəncliyə Yardım Fondunun dəstəyi, Ağstafa Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə rayonun Kolxəlfəli kəndi ərazisində keçirilən ekokönüllülük yarışında hər birində 4 nəfərdən ibarət 12 komanda iştirak edib.
Ağstafa RİH başçısı Seymur Orucov bu cür yüksək əhəmiyyət daşıyan ekoloji tədbirə könüllü qatılan hər bir komandanın üzvlərinə təşəkkürünü bildirərək onlara uğurlar arzu edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ətraf mühitə zərərli tullantıların azaldılması istiqamətində icra olunan tədbirlər, eyni zamanda, genişmiqyaslı yaşıllaşdırma kampaniyaları, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi ölkəmizdə ekoloji mühitin əsaslı şəkildə sağlamlaşmasını təmin edib.
“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədr müavini Şahin Əliyev çıxışında diqqətə çatdırıb ki, 17 ölkədə həyata keçirilən beynəlxalq layihə artıq ikinci ildir ki, ölkəmizdə təşkil olunur. 2024-cü ildə Ağstafa rayonundan start götürən layihənin növbəti ünvanı Şəmkir və digər rayonlarımız olacaqdır.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev qeyd edib ki, dövlət siyasətinin prioritet istiqamətlərindən olan ekoloji tarazlığın və ətraf mühitin qorunması sahəsində son illər intensiv və genişmiqyaslı xarakterli işlərin nəticəsidir ki, dünyanın ən mühüm tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyası – COP29 bu ilin 11-24 noyabr tarixlərində paytaxt Bakımızda keçiriləcəkdir.
Yarışın yekununda ən çox çeşitlər üzrə ətraf mühit tullantısı toplayan komandalar – “Ağstafa Gəncləri” 1-ci, “Poylu-2” 2-ci və “9 Noyabr” 3-cü yerə layiq görülüblər. Yüksək yerləri tutan hər üç komandanın üzvləri diplom və hədiyyələrlə təltif olunublar. Digər komandaların üzvlərinə isə müvafiq setifikatlar təqdim olunub.