Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, müavinləri, aidiyyəti üzrə məsul şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan RİH başçısı 2024-cü il 11-24 noyabr tarixlərində paytaxtımızda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a diqqət çəkərək bildirib ki, təxminən yarım ay ərzində bu tarixi hadisə Azərbaycan paytaxtına dünyanın dörd bir yanından 80 mindən çox insanın gəlməsinə səbəb olacaqdır. Bu müddət ərzində dünya liderləri, iqlim üzrə mütəxəssislər iqlim dəyişikliyinin azaldılması ilə bağlı strategiyaları müzakirə edəcəklər, bir sözlə dünyanın ürəyi Bakıda döyünəcəkdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ekoloji siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması daim diqqət mərkəzində saxlanılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin, o cümlədən Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan olunması da bu baxımdan yüksək dəyərləndirilir. Beləliklə, ölkəmiz adına növbəti tarixi qələbə olan COP29 – beynəlxalq ictimaiyyətə ölkəmizin iqlim problemlərinin həllində əldə etdiyi irəliləyişlərə birbaşa şahidlik etmək imkanı verəcəkdir.
Tədbirdə çıxış edən digər natiqlər – Ağstafa DAİM-in direktoru Ramiz İmanov, sektor müdiri Nurlana Məmmədova, Qarayazı Dövlət Təbiət Qoruğunun direktoru Vüqar Tağıyev mövzuya dair geniş məruzələrlə çıxış ediblər.