AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2023-cü il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin Ümumi yığıncağının üzvləri, bölmənin əhatə etdiyi elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, elmi şöbə və laboratoriyaların rəhbərləri, ictimaiyyətlə əlaqələr, təhsil, beynəlxalq əlaqələr və digər şöbələrin müdirləri, Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə bölmənin əhatə etdiyi elmi müəssisələrdə süni intellektin tətbiqi əsasında həyata keçirilən innovativ layihələr, eləcə də 2023-cü il üzrə əldə olunan nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının 3 noyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiqlənmiş Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsində AMEA-nın funksiyaları müəyyənləşdirilib, o cümlədən bölmələrin əhatə etdiyi müəssisələrin AMEA-nın Rəyasət Heyəti qarşısında hesabat verməsi kimi məsələlərin öz əksini tapdığını bildirib.
Bölmələrin illik hesabatlarının bu ildən etibarən ilk dəfə olaraq AMEA Rəyasət Heyətinin binasının Böyük akt zalında geniş tərkibdə keçirildiyini deyən akademik İsa Həbibbəyli bu addımın əldə olunmuş nəticələrin daha böyük auditoriyaya çatdırılmasına, bölmələrin əməkdaşları arasında elmi əlaqələrin genişlənməsinə və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə təkan verəcəyini söyləyib.
Sonra AMEA-nın vitse-prezidenti, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədri akademik Rasim Əliquliyev FRTEB-in 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsini təqdim edib. O qeyd edib ki, hesabat ilində FRTEB-də həm fundamental, həm də tətbiqi xarakterli aparılan tədqiqatlar bir tərəfdən ölkənin milli maraqlarından irəli gələn, digər tərəfdən isə müasir dünyanın tələb və çağırışlarına müvafiq olan məsələləri ehtiva edib. Akademik vurğulayıb ki, 2023-cü ildə bir sıra strateji məsələlərə, o cümlədən elmi priroritetlərin müəyyənləşdirilməsi, əldə olunan mühüm nəticələrin nüfuzlu elmi bazalara daxil olan jurnallarda dərc olunması, elmi təşkilatların və tədqiqatçıların elmmetrik göstəricilərinin yüksəldilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, ali məktəblər və elmi-tədqiqat müəssisələri arasında münasibətlərin qurulması, birgə tədqiqatların həyata keçirilməsi kimi məsələlərə xüsusi diqqət ayrılmışdır.
Akademik Rasim Əliquliyev diqqətə çatdırıb ki, 2023-cü ildə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrdə 7 elmi istiqamət üzrə 35 problemə aid 125 mövzuya dair 286 tədqiqat işi, 224 mərhələ aparılıb, 4 mövzu, 108 iş, 81 mərhələ tamamlanıb və bu tədqiqatlardan 50-si bölmə tərəfindən müzakirə edilərək mühüm nəticə kimi dəyərləndirilib.
Bölmənin əhatə etdiyi elmi müəssisələrin nəşr fəaliyyəti barədə məlumat verən akademik Rasim Əliquliyev bildirib ki, 2023-cü ildə bölmə əməkdaşlarının 12 monoqrafiyası, 23 kitabı (11-i xaricdə), 33 dərslik, dərs vəsaiti və elmi-kütləvi nəşri, 1108 məqaləsi (567 nüfuzlu xarici elmi jurnallarda) çap edilib, bu məqalələrin 514-ü “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda və konfrans materiallarında dərc olunub, əməkdaşların əsərlərinə 19022 istinad qeydə alınıb. Həmçinin bölmə üzrə elmi müəssisələrin patent almaq üçün 14 iddia sənədi verdiyini, 2-si respublikada, 10-u xarici ölkələrdə olmaqla 12 patentin alındığını diqqətə çatdırıb.
Məruzəçi “Heydər Əliyev İli” çərçivəsində FRTEB-in əhatə etdiyi elmi müəssisələrdə Ümummilli Liderin 100 illiyinə həsr olunmuş 5 respublika, 2 beynəlxalq konfransın, 4 elmi sessiyanın, bütövlükdə 20 tədbirin təşkil olunduğunu, alim və mütəxəssislər tərəfindən 1 monoqrafiya, 3 konfrans materialı və 20-yə yaxın məqalənin nəşr edildiyini bildirib.
“Hesabat dövründə E-Azərbaycanın bir seqmenti olan e-elmin formalaşdırılması və inkişafı istiqamətində işlər davam etdirilmiş, İndustry 4.0-ın platformasında kritik infrastrukturların kiber dayanıqlığının təmin olunması üçün intellektual texnologiyaların işlənməsi istiqamətində araşdırmalar aparılmış, science 4.0 platformasında süni intellektin tətbiqi məsələləri tədqiq olunmuş və perspektiv istiqamətlərin reallaşdırılması üçün tövsiyələr verilmişdir. Eyni zamanda IV Sənaye İnqilabının çağırışlarının həyata keçirilməsi, Süni intellekt, Big Data texnologiyalarının və kiberfiziki sistemlərin elmi-nəzəri problemlərinin araşdırılması və geniş tətbiqinə xüsusi diqqət yetirilmişdir”, – deyə AMEA-nın vitse-prezidenti vurğulayıb.
Akademik Rasim Əliquliyev hesabat ilində bölmənin əhatə etdiyi elmi müəssisələrin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” və digər dövlət proqramları, startegiya, yol xəritələri, fəaliyyət planlarının həyata keçirilməsində iştirak etdiklərini bildirib.
O, həmçinin müxtəlif parametrlər üzrə bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar və bölmənin elmi jurnalları barədə məlumatları diqqətə çatdırıb.
Məruzə dinlənildikdən sonra Fizika İnstitutunun laboratoriya rəhbərləri AMEA-nın müxbir üzvü Vəli Hüseynov və professor Qüdrət İsaqovun sualları cavablandırılıb.
Sonra Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Milli Aviasiya Akademiyasının (MAA) elmi işlər üzrə prorektoru AMEA-nın müxbir üzvü Afiq Həsənov, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru professor Nəriman İsmayılov, Biofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mətanət Baxışova, Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Famil Hümbətov və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Vaqif Quliyev çıxış edərək təmsil etdikləri qurumlarda əldə olunan mühüm nəticələri diqqətə çatdırıb, bölmənin 2023-cü ildəki fəaliyyətini yüksək qiymətləndiriblər.
Daha sonra çıxış edən akademik İsa Həbibbəyli Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2023-cü il üzrə fəaliyyətini yüksək qiymətləndirib, bölmənin əhatə etdiyi müəssisələrdə Azərbaycan dövlətinin çağırışlarına cavab verən mühüm tədqiqatların aparıldığını bildirib. Həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” və Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un bölmə alimlərinin fəaliyyət istiqamətlərini əhatə etdiyini və onların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və bölməyə müvafiq tapşırıqlar verilib.