Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə 23-24 sentyabr 2023-cü il tarixində Bakıda “Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası həyata keçirildi.
Vətəninfo.az xəbər verir ki, layihənin icrasında əsas məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və onlar arasında əməkdaşlığın genişləndirilməsi, sahibkarların xidmət keyfiyyətinin yaxşılaşdırılması, əhalinin həssas qrupundan olan qadınlar və aztəminatlı ailələri təmsil edən vətəndaşların fəaliyyətinin dəstəklənməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.
Qeyd edək ki, Dədə Qorqud parkında təşkil olunmuş sərgidə ümumilikdə 62 sahibkarlıq subyekti öz məhsul və xidmətlərini təqdim etdi.
Layihənin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədr müavini Hikmət Məmmədov çıxış etdilər və sərgi iştirakçılarına öz xoş diləklərini çatdırdılar.
Qeyd edək ki, layihənin tərəfdaşları qismində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Kapital Bank, media tərəfdaşı qismində isə Biznes Mərkəzi çıxış edir.
Məlumat üçün bildirək ki, “Arşın mal alan” milli silsiləvi satış sərgi yarmarkası KOBSKA tərəfindən davamlı həyata keçirilir. İlk səfə 2022-ci ilin avqust ayında Bakı Şərq Bazarında, oktyabrında isə Astarada həyata keçilib. Davamlı hər il bir dəfədən az olmayaraq keçirilməsi də planlaşdırılır.