Bu gün Azərbaycan Milli Ordusunun zabiti, peşəkar tankçı Əhməd Mehbalıyevin doğum günüdür! Dərin ehtiramla yad edirik!
1968-ci il sentyabr ayının 1-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olan Əhməd Mehbalıyevin ən böyük arzusu hərbiçi olmaq idi.
Əhməd Mehbalıyev Cəmşid Naxçıvanski adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirdikdən sonra Kazan Ali Tank Qoşunları Məktəbində təhsil almış, daha sonra Kiyev və Moskva şəhərlərində SSRİ Silahlı Qüvvələrinin tank diviziyalarında xidmət etmişdir.
Qarabağ müharibəsi başladıqdan sonra Vətənə qayıdaraq döyüşlərə qatılmış, Şuşanın müdafiəsi, Ağdam istiqamətində aparılan hərbi əməliyyatlar və Laçın dəhlizi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Döyüşlər zamanı dəfələrlə yaralanmasına baxmayaraq, müalicəsini yarımçıq qoyaraq yenidən cəbhəyə qayıtmışdır. Bir sıra əməliyyatlarda düşmənin canlı qüvvəsinə və hərbi texnikasına ağır zərbələr endirmiş, bir neçə tankın məhv edilməsində xüsusi fərqlənmişdir.
Əhməd Mehbalıyev Azərbaycan Milli Ordusunda tank taborlarının formalaşdırılmasında öncül rol oynamış, ilk döyüş qabiliyyətli tank bölmələrindən birinə komandanlıq etmişdir.
25 iyun 1993-cü ildə Ağdam rayonunun Qızıllı–Kəngərli kəndi ərazisində gedən ağır döyüşlərdə, əvvəlcədən yaralı olmasına baxmayaraq mövqeni tərk etməyərək qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 1994-cü il tarixli fərmanı ilə Əhməd Mehbalıyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Ruhu şad olsun!


























