image-7aed9a70-3d1a-4b1e-b67d-82901e06796cbackend

Azərbaycan Respublikası və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq

image-reklam_sirab_01

Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoyuldu. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən ölkəmiz strateji mövqeyini möhkəmləndirmək üçün Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə böyük üstünlük verdi. Bu əməkdaşlıq ölkəmizin starteji mövqeyinin möhkəmləndirilməsi baxımından çox zəruri idi. Avropa İttifaqı kimi nüfuzlu qurumla müstəqilliyimizin ilk illərində əsası qoyulmuş diplomatik münasibətlər son illərdə qarşılıqlı maraqlar əsasında daha da möhkəmləndirilmişdir.
Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra hüquqi sazişlər imzalamaqla azad bazar iqtisadiyyatının tam bərqərar olması, insan hüquqlarına və milli azlıqların hüquqlarına riayət edilməsi məsələlərinə dair təşkilata nəzarət səlahiyyətləri vermiş, əvəzində qurumdan ölkəmizə qarşı hər hansı diskriminasiya xarakterli qərarın qəbul olunmayacağına təminat almışdır.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə nəzər saldıqda ilk növbədə qeyd etmək lazımdır ki, 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanmışdır.
Hazırda Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ticarət dövriyyəsinə görə Aİ-nin ən böyük tərəfdaşıdır. Bunu nəzərə alaraq, Aİ Azərbaycanda özəl sektorun inkişafında, sahibkarlıq üçün şəraitin yaradılmasında, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsində və s. məsələlərdə çox maraqlıdır və bu istiqamətdə texniki yardım etməkdədir. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Üzv dövlətlərdən 1700-dən çox şirkətin Azərbaycanda fəaliyyət göstərməsi bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir.
Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır. 2006-cı ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu müvafiq sahədə ikitərəfli əməkdaşlığın bünövrəsini qoymuşdur. Sözügedən Memorandum 4 əməkdaşlıq sahəsini müəyyənləşdirmişdir: qanunvericiliyin uyğunlaşdırılması, təchizat və tranzit sistemlərinin gücləndirilməsi, enerji səmərəliliyi, texniki əməkdaşlıq və təcrübə mübadiləsi.
Cənub Qaz Dəhlizinin həyata keçirilməsində iştirak edən tərəflər arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədilə Azərbaycan Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasını təsis etmişdir. Şuranın iclası ildə bir dəfə keçirilir və onun işinə həmçinin, beynəlxalq maliyyə qurumları və müvafiq şirkətlər cəlb olunur. “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 18 iyulda Azərbaycana səfəri və ölkə başçısı cənab İlham Əliyevlə görüşü tərəfdaşlığımızın inkişafının göstərcisidir.
Son illər Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi, ən nüfuzlu təşkilatlarda layiqincə təmsil olunması, siyasi sahədə böyük nailiyyətlərin qazanılması, o cümlədən 44 günlük II Qarabağ müharibəsindən qalib dövlət olaraq çıxması və münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ölkəmizin siyasi nüfuzunu daha da yüksəltmiş və dünya iqtisadiyyatına inteqrasiyamızın sürətlənməsinə səbəb olmuşdur.

Aysel Mənsimova – YAP üzvü

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki