1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdur.
Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Cəmşid Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Həmçinin şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı dəstələr vardı. Bütün bunlara yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra son qoyuldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizamlı, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı.
Varislik prinsipi əsas tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr Günü kimi qeyd olunur.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “GlobalFirePower” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır
Tofiq Mirzəyev – ehtiyatda olan zabit, müharibə veteranı