Azərbaycan UNESCO-nun ikinci seçki qrupundan qurumun İcraiyyə Şurası üzvlüyünə namizədliyini irəli sürüb. Noyabrın 17-də UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində keçirilmiş seçkilərdə ölkəmiz səs çoxluğu ilə İcraiyyə Şurasına üzv seçilib.
Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin üzvü Ülviyyə Həmzəyeva Modern.az -a açıqlamasında bildirib ki, Birləşmiş Millətlər Təşkilatının tərkibində olan UNESCO dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası platformasıdır:
“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu təşkilata üzv qəbul olunub və qarşılıqlı münasibətlər qurulmağa başlayıb. Ümummilli lider Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan-UNESCO əlaqələri sürətlə inkişaf etməyə başladı, əlaqələr daha da genişləndi. Respublikamızla UNESCO arasındakı münasibətlərin inkişafında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri misilsizdir. Azərbaycanın zəngin mədəniyyət və incəsənətinin inkişafına verdiyi töhfələrə, dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və bu ideyalara göstərdiyi sadiqliyə görə xanım Mehriban Əliyeva 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə isə İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
Qarşılıqlı əməkdaşlıq fəaliyyəti nəticəsində Azərbaycanın ev sahibliyi ilə keçirilən beynəlxalq və nüfuzlu forum, konfrans və seminarlarda dünyanın ən nüfuzlu elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Bu tədbirlər sırasında Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, eləcə də mədəniyyətlərarası dialoqa dair dörd möhtəşəm tədbirin keçirilməsi, xüsusilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun reallaşdırılması, həmçinin Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı qərar da Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.
UNESCO tərəfindən Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti, çövkən-Qarabağ atüstü oyun ənənəsi, Azərbaycan kəlağayısı, Lahıc misgərlik sənəti, lavaş, Azərbaycanın milli dəyərləri kimi tanınmış, ədəbiyyat, mədəniyyət korifeylərimizin dünyaya tanıdılması, onların yubileylərinin bu nüfuzlu qurum miqyasında qeyd olunması ölkəmizin bu qurumla əməkdaşlığının səmərəliliyindən xəbər verir. 2018-ci ildə isə Azərbaycan dolması və kamança UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Bundan əlavə Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb”.
Ü.Həmzəyeva qeyd edib ki, ölkəmiz üçün sevindirici xəbər bu günlərdə Azərbaycanın UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun İcraiyyə Şurasına üzv seçilməsi oldu:
“Xatırlatmaq istərdim ki, Azərbaycan bundan öncə 2005-2009-cu illərdə də UNESCO İcraiyyə Şurasının üzvü olub. Lakin vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda erməni vandalları tərəfindən milli mədəni abidələrimizə qarşı həyata keçirilmiş soyqırımın dünya ictimaiyyətinə çatdırılması baxımından bu üzvlüyün daha ciddi önəmi vardır. Ölkəmizin namizədliyinin çox sayda dövlət tərəfindən dəstəklənməsi elmə, təhsilə və mədəniyyətə dövlət qayğısının ən yüksək səviyyədə olmasının, dövlətimizin mədəni irsin qorunmasında nümayiş etdirdiyi diqqətin dünya miqyasında qiymətləndirilməsinin göstəricisidir.
Bu gün Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfəsini verir, öz mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşlərini, mədəniyyətləri zənginləşdirir. Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır. Hazırda Azərbaycan dünyada zəngin milli-mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır. Biz qloballaşan dünyaya birtərəfli inteqrasiya yolunu yox, dünyaya öz mədəni zənginliyimizi təqdim və təbliğ etməyi, dünyanı bizdən nələrisə öyrənməyə təşviq etmək yolunu seçmişik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərti ilə dünya birliyinə inteqrasiya etməkdir”.