Oktyabrın 26-da axşam Moskva gözlənilmədən pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Rusiya hakimiyyəti hücumun qarşısının alındığını iddia etsə də, şəhərin müxtəlif yerlərində partlayış səsləri eşidilməyə davam edib. Vətəninfo.az xəbər verir ki, hadisə barədə Ukrayna mətbuatı Əks-kəşfiyyatla Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkoya və Rusiya KİV-lərinə istinadla məlumat yayıb.
Kovalenko qısa açıqlamasında Moskvanın pilotsuz təyyarələrin hücumuna məruz qaldığını təsdiqləyib, lakin əlavə təfərrüat verməyib. Rusiya mediası isə paytaxtın müxtəlif ərazilərindən çəkilmiş foto və videoları yayımlayıb. Görüntülərdə güclü partlayışlar və tüstü buludlarının yüksəldiyi ərazilər əks olunur.
Rusiya telekanalları Ukraynaya məxsus pilotsuz təyyarənin çoxmərtəbəli binaya zərbə endirdiyini iddia edir. Moskva meri bildirib ki, hava hücumundan müdafiə qüvvələri gün ərzində altı pilotsuz uçuş aparatını vurub.
Rəsmi məlumatda qeyd olunub ki, hadisə yerlərində təcili xidmətlər fəaliyyət göstərir. Sosial şəbəkələrdə yayılan fotolarda mobil yanğınsöndürmə briqadasının və rus hərbçilərinin hadisə yerində mövqelər tutduğu, hətta Kremlin qarşısında silahlı əsgərlərin növbə çəkdiyi görünür.
Hazırda hücumun nəticələri və mümkün itkilərlə bağlı məlumat dəqiqləşdirilir. Rusiya tərəfi insidentin Ukrayna tərəfindən həyata keçirildiyini iddia edir, Kiyev isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.


























