Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması barədə bəyanatı tarixi hadisədir.
Vətəninfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə büdcə dinləmələrində bildirib.
O deyib ki, Ermənistanın da müvafiq addımlar atması vacibdir.
Paşinyan qeyd edib ki, Qazaxıstandan Ermənistana ilk taxıl partiyası Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə Azərbaycan ərazisindən idxal ediləcək.
Paşinyan, həmçinin Türkiyə yük maşınlarının Ermənistan üzərindən Azərbaycana gedə biləcəyi marşrutu da açıqlayıb. Onun sözlərinə görə, Ermənistan Marqara-Yexeqnadzor-Sisian-Qoris marşrutu üzrə yük maşınlarının tranzitini təmin etməyə hazırdır.
“Hazırda bu, Ermənistan tərəfinin həyata keçirə biləcəyi yeganə variantdır”, – Baş nazir əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını deyib.


























