image-reklam-veteninfo
image-1backend

Putin çevriliş qorxusu yaşayır

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Böyük Britaniyanın “The Telegraph” qəzetinin məlumatına görə, Ukrayna ilə müharibənin yaratdığı iqtisadi gərginlik və artan ictimai narazılıq Rusiya prezidenti Vladimir Putinin mümkün çevrilişlə bağlı narahatlıqlarını artırıb.

Qərb analitiklərinin fikrincə, Kreml rəhbərinin qorxuya düşməsi üçün səbəblər getdikcə çoxalır. Aİ və ABŞ tərəfindən tətbiq olunan yeni sanksiyalar Rusiyanın iqtisadi vəziyyətini ağırlaşdırır, biznes sektoru yüksək faiz dərəcələrinin təsiri ilə iflic vəziyyətinə düşüb, dövlət borcu artır, əmtəə qiymətləri yüksəlir. Rusiya İqtisadi İnkişaf naziri Maksim Reşetnikov xəbərdarlıq edib ki, ölkə “resessiya astanasındadır”. Rosstatın məlumatına əsasən, müharibə başlayandan bəri inflyasiya 40 faizi keçib.

Rusiya Maliyyə Nazirliyinin proqnozuna görə, 2025-ci ildə büdcə kəsiri ÜDM-in 2,6 faizinə — yəni 5,7 trilyon rubla çata bilər. Bu göstərici əvvəlcədən planlaşdırılan səviyyədən beş dəfə çoxdur. Kəsiri bağlamaq üçün hökumət vergiləri artırmaq niyyətindədir. ƏDV dərəcəsinin 2026-cı ildən 22 faizə qaldırılması planlaşdırılır. Bundan əlavə, daxili borclanmanın artması da gözlənilir ki, bu da dövlət borcunun ümumi yükünü daha da ağırlaşdıracaq.

Neft emalı zavodlarına Ukrayna tərəfindən edilən hücumlar nəticəsində Rusiyanın enerji gəlirləri azalıb, ölkə daxilində benzinin qiyməti bahalaşıb. Harvard Universitetinin Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin tədqiqatçısı Kreyq Kennedinin sözlərinə görə, hərbi müəssisələrin ümumi borcu artıq 190 milyard dollara çatır ki, bu da ölkənin illik büdcəsinin təxminən 37 faizinə bərabərdir. Ekspert hesab edir ki, vəziyyət Çindən iqtisadi asılılığın artması və Qərbin sanksiyalarının davam etməsi ilə daha da pisləşir.

ABŞ prezidenti Donald Trampın son qərarı da vəziyyəti gərginləşdirib. O, Ukrayna ilə münaqişədə irəliləyiş olmadığı üçün Rusiyanın ən böyük enerji şirkətləri — Rosneft və Lukoyl-a qarşı yeni sanksiyalar tətbiq edib. Nəticədə, Rusiya neftinin əsas alıcıları olan Çin və Hindistan idxalı azaldıb, bu isə Kremlin valyuta gəlirlərini ciddi şəkildə azaldır.

Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin fəxri direktoru Angela Stentin sözlərinə görə, Putinin ətrafı hazırda “Qərbin Rusiyanı parçalamağa çalışdığını göstərmək üçün müxalifəti gözdən salmağa” yönəlib. Ekspertin fikrincə, bu, ölkə daxilində qeyri-sabitlik dövründə Kremlin ənənəvi taktikasına çevrilib.

Qəzet xatırladır ki, oktyabrın 14-də Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) “Yukos” şirkətinin keçmiş sahibi Mixail Xodorkovski və Müharibə Əleyhinə Komitənin 22 üzvünə qarşı “hakimiyyəti zorla ələ keçirməyə cəhd” ittihamı ilə cinayət işi açıb. Londonda mühacirətdə yaşayan Xodorkovski bu iddiaları “müxalifəti qorxutmaq məqsədi daşıyan yalan” adlandırıb.

Müşahidəçilər hesab edirlər ki, iqtisadi böhran, beynəlxalq təzyiqlər və siyasi narazılıqlar fonunda Vladimir Putinin daxili sabitliyi qorumaq üçün addımları yaxın aylarda daha da sərtləşə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki