image-img-20230203-wa0098backend

Azərbaycan və Rumıniya arasında energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır

image-reklam_sirab_01

Fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfəri, bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşləri və səsləndirilən birgə bəyanatlar iki dost və tərəfdaş ölkə arasında gələcək əlaqələrin daha da inkişafı və möhkəmlənməsinə zəmin yaradıb.
Görüşlərdən sonra Rumıniyanın rəsmi nümayəndələri qeyd ediblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin öz ölkəsinin, bütövlükdə regionun təhlükəsizliyinin təmin olunmasında və inkişafında mühüm xidmətləri vardır. Azərbaycanın inkişafa yönələn siyasətində qazandığı uğurlar məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Şərqi Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan və Özbəkistan üçün Avropaya körpü rolunu oynayır. Azərbaycan həmçinin Türkiyə ilə birgə mühüm layihələrin təşəbbüskarı olan türkdilli dövlətdir. Azərbaycan bundan sonra da geostrateji və geosiyasi münasibətlərdə yüksəliş əldə edəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi, siyasi münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlıq üçün əlverişli platformanın yaradılmasına nail olub, bunun sayəsində Azərbaycan regionun strateji, iqtisadi mərkəzinə çevrilib.
Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana fevralın 2-də baş tutan səfəri Azərbaycanla Rumıniya arasında münasibətlərə və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaqdır. İki ölkə arasında əməkdaşlıq, Azərbaycan qazının Rumıniyaya çatdırılması, yaşıl enerji ilə bağlı reallaşdırılacaq layihələr məhz strateji tərəfdaşlığın təzahürüdür.
Qeyd edilməlidir ki, Azərbaycan və Rumıniya arasında energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Belə ki, uzun illər ərzində Azərbaycanın neft şirkəti olan SOCAR Rumıniyada fəaliyyət göstərir, onun Rumıniyada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu vardır. Həmçinin Rumıniyanın imkanlarından istifadə edilərək. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və paralel olaraq digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Bu gün Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il bundan əvvəl isə Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilib.
Azərbaycan ildən-ilə xaricə qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu bu artımın bariz göstəricisidir. Son illərdə ölkəmizdə yaşıl enerji sahəsində çox önəmli addımlar atılıb. Bu layihə çox strateji və böyük sərmayə tələb edən layihə olmaqla yanaşı həm də bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir. Bu layihənin uğurla həyata keçirilməsi işlərində bir sıra ölkələr kimi Rumıniya da maraqlıdır. İldən ilə Azərbaycan və Rumıniya arasında əməkdaşlıq potensialı get-gedə artır, bu isə regionun və Avropa İttifaqının daha sıx əməkdaşlığı üçün çox vacib amillərdən biridir.

Metin Hüseynov – politoloq

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki